AZ

Durov Fransanı Rumıniya seçkilərinə müdaxilədə ittiham etdi

Tribunainfo.az xəbər verir ki, Telegram messencerinin yaradıcısı Pavel Durov Fransanı Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə cəhdində ittiham edib. Onun sözlərinə görə, Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) rəhbəri Nikola Lerner bu ilin yazında ondan Rumıniyadakı mühafizəkar kanalların bloklanmasını tələb edib.

“Bu yaz Parisdə, Hôtel de Crillon otelində Nikola Lerner məndən Rumıniyada mühafizəkar səsləri susdurmağı istədi. Mən isə imtina etdim. Biz nə Rusiyada, nə Belarusda, nə də İranda etirazçıları bloklamamışıq. Və Avropada da bunu etməyə başlamayacağıq”, – deyə Durov bəyan edib.

“Telegram siyasi kanalları bağlamayacaq”

Mayın 18-də Pavel Durov Qərbi Avropa ölkələrindən birinin hökumətini Rumıniyada müxalif hesab edilən kanalların bağlanması üçün təzyiq göstərməkdə ittiham etmişdi. Paylaşımına baget emojisi əlavə edən Durov bu sözləri qeyd etmişdi:

“Qəti şəkildə imtina etdim. Telegram Rumıniya siyasi kanallarını bloklamayacaq. Seçkilərə müdaxiləni seçkilərə müdaxilə edərək dayandırmaq olmaz.”

Bu hadisədən sonra Durov Telegram-dakı fransızdilli istifadəçi adını da ingilisdilli versiya – Pavel Durov olaraq dəyişib.

Rumıniya seçkiləri və Rusiya ittihamları

Rumıniya Xarici İşlər Nazirliyi ikinci tur seçkilər zamanı Rusiyanın müdaxilə əlamətlərini müşahidə etdiklərini bildirib. Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarova buna sərt reaksiya verib:

“Əvvəla, bu prosesi ‘seçki’ adlandırmaq doğru olmazdı. İkincisi, bura müdaxilə etmək mümkün deyil – sadəcə ilişmək olar”, – deyə Zaxarova bildirib.

Rumıniyada keçirilən prezident seçkilərində Buxarest meri Nikuşor Dan ikinci turda qalib gəlib. O, səslərin 53,6%-ni toplayaraq “AUR” partiyasının nümayəndəsi Corce Simionu (46,4%) geridə qoyub. Simion artıq məğlubiyyətini qəbul edib və rəqibini təbrik edib.

Polşanın Baş naziri Donald Tusk da Danu qalibiyyət münasibətilə təbrik ünvanlayıb:
“Təbriklər, Nikuşor Dan! Yaşasın azad Rumıniya!”

Cələn Georgesku məsələsi və “Rusiya izi”

Xatırladaq ki, 2024-cü ilin noyabrında keçirilən ilk turda qalib gələn mühafizəkar namizəd Kəlin Corcesku Konstitusiya Məhkəməsinin qərarı ilə yarışdan kənarlaşdırılmışdı. Ona qarşı “Rusiya ilə əlaqə”, antisemitizm, dezinformasiya və qanunsuz maliyyə ittihamları irəli sürülmüşdü. Kremlin sözçüsü Dmitri Peskov isə bu ittihamları “əsassız və cəfəngiyyat” adlandırmışdı.

İmran Kərimli

Seçilən
0
12
tribunainfo.az

10Mənbələr