RU

Ölkədə ərəb turistlərin sayı azalıb - ekspert deyir ki...

“Quru sərhədlərin bağlı olması öz təsirini göstərir”

2025-ci ilin ilk 4 ayında Fars/Ərəb  körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3.4 faiz azalıb. Deputat Vüqar Bayramovun sözlərinə görə, bu müddətdə ölkəmizə ərəb dövlətlərindən cəmi 117 min turist gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox turist gəlib. Gələnlərin 24,2 faizi Rusiya, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olub.

Bu müddətdə Körfəz dövlətləri ilə yanaşı, MDB ölkələrindən də gələnlərin sayında azalma qeydə alınıb. Bu birlikdən gələnlərin sayı 9.2 faiz azalıb. Avropa İttifaqından gələnlərin sayında isə cüzi artım qeydə alınıb: 1.8%".

Ceyhun

Ceyhun Aşurov

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurovun “Yeni Müsavat”a şərhində bildirdiyinə görə, qarşıdan turizmin daha aktiv olacağı mövsüm gəldiyi üçün turistlərin sayında artım olacağı gözləniləndir: “Xüsusilə sərhədlərin qapalı olduğu dövrdən bu günə kimi ilin ilk 3-4 ayı aktiv turizm dövrü olmur. Quru sərhədlərin bağlı olması öz təsirini göstərir. Sərhədlər açıq olsa idi, quru yolla ölkəyə giriş-çıxış daha çox olardı. Eyni zamanda Azərbaycan vətəndaşları da sərhədyanı ölkələrə rahat səyahət edə bilərdilər. Körfəz ölkələrindən gələn turistlərin sayında azalma başqa turizm marşrutlarına meyllə əlaqədardır. Əvvəlki dövrlərdə xüsusilə Qərb dövlətlərindən viza alınmasında müəyyən çətinliklər yaşanırdısa, artıq bu çətinliklər aradan qalxıb. Bu baxımdan Azərbaycana gələn turistlərin sayında azalma olması anlaşılandır”.

Ekspert vurğulayır ki, Azərbaycana  digər ölkələrdən gələn turistlərin sayında artım müşahidə olunur: “Orta Asiyadan, Çindən ölkəmizə səfər edən turistlərin sayı artıb. Ümid edirik ki, qarşıdan gələn mövsümdə turizm sahəsində aktivlik olacaq. Hindistanla Pakistan arasında olan gərginliklə əlaqədar bu ölkələrdən gələnlərin sayında da qısa dövrdə kəskin azalma oldu. Birbaşa uçuşların bərpa olunması ilə turistlərin sayında artım olacağına ümid edirik. Onu da qeyd etmək lazımdır ki, ölkədən xaricə gedənlərin sayında da təxminən 1 faizə qədər azalma var. Quru sərhədlərin bağlı olmasını, üstəlik, qonşu ölkələrə səyahətin baha başa gəldiyini nəzərə alsaq, vətəndaşlarımız ancaq zəruri hallarda səfər edə bilirlər. Əvvəlki illərdə olduğu kimi, sırf turistik məqsədlərlə qonşu ölkələrə gedənlərin sayı kəskin azalıb. Eyni zamanda Gürcüstana dəmir yolu ilə səyahət etməyi gözləyənlər də az deyil”.

Qeyd etmək lazımdır ki, Azərbaycan bir çox ölkələrlə turizm sektorunda əlaqələrin daha da genişləndirilməsi istiqamətində tədbirlər görür. O cümlədən digər ölkələr də Azərbaycanla turistik əlaqələrin möhkəmlənməsində maraqlıdır.

Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır. Bu, ölkə prezidenti Şavkat Mirziyoyevin “2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında” fərmanında öz əksini tapıb. Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib. Özbəkistan Xarici İşlər Nazirliyinə (XİN) ölkənin regionlarına turist axınını artırmaq üçün üç ay ərzində bu üç ölkənin müvafiq qurumları ilə danışıqlara başlamaq və nəticələrə əsasən öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.

Təkliflər Rusiya, Qazaxıstan və Azərbaycan vətəndaşları üçün daxili sənəd və ya ID-kart ilə respublika ərazisinə 30 günədək giriş rejiminin tətbiqinə, o cümlədən 16 yaşadək vətəndaşlar üçün “uşaq pasportu” ilə girişə aiddir.

Hazırda ölkələr arasında 60 günədək vizasız rejim mövcuddur, lakin giriş üçün xarici pasport tələb olunur (“Report”).

Dövlət Turizm Agentliyi də bu ilin yanvar-aprel aylarına dair hesabat yayıb. Hesabata əsasən, Azərbaycana 735 min 884 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur. Təkcə apreldə ölkəyə 227 788 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 7% azdır.

Aprel ayında Azərbaycana ən çox turist 53 073 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (39 417 nəfər), 3-cü yerdə isə Hindistan (26 253 nəfər) qərarlaşıb.

Bundan başqa, ay ərzində İrandan 16,6 min, Gürcüstandan 9,4 min, Qazaxıstandan 7,9 min, Səudiyyə Ərəbistanından 7,8 min, Pakistandan 7,2 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,8 min, Özbəkistandan 4,1 min turist gəlib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Избранный
0
1
musavat.com

10Источники