AZ

Ərəb ölkələrindən gələn turistlərin sayı niyə azalıb? – Deputat açıqladı

2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3.4 faiz azalıb.

Tribunainfo.az xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, bu müddətdə ölkəmizə Ərəb Dövlətlərindən cəmi 117 min turist gəlib. Bu regiondan gələn turistlərin sayının azalmasında körfəz ölkələri vətəndaşlarının yeni destinasiyalara üstünlük verməsi xüsusi rol oynayıb.

Həmçinin bununla yanaşı, bir sıra prosedur qaydaları, turizm xidmətlərinin qiymətlərinin hələ də yüksək olması körfəz dövlətlərindən gələnlərin sayına təsirsiz ötüşməyib:

“Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox turist gəlib. Gələnlərin 24,2 faizi Rusiya, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan – 2,0 dəfə, Çindən – 1,7 dəfə, İordaniyadan – 45,6 faiz, Hindistandan – 32,9 faiz, Qırğızıstandan – 32,1 faiz, İspaniyadan – 28,8 faiz, Yaponiyadan – 26,7 faiz, Pakistandan – 22,5 faiz, ABŞ-dan – 20,2 faiz, Qazaxıstandan – 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 16,6 faiz, Kanadadan – 15,5 faiz, Niderlanddan – 10,7 faiz, İtaliya və Misirdən – 10,0 faiz artıb.

Bu müddətdə körfəz dövlətləri ilə yanaşı, MDB ölkələrindən də gələnlərin sayında azalma qeydə alınıb. Bu birlikdən gələnlərin sayı 9.2 faiz azalıb. Avropa İttifaqından gələnlərin sayında isə cüzi artım qeydə alnıb: 1.8 %”.

Deputat bildirib ki, Azərbaycanda gəlmə turizm üçün vacib destinasiyalardan olan Körfəz dövlətlərindən və MDB ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu turizm sektorunun inkişafında yeni çağrışları daha da aktuallaşdırır.

Nigar İxtiyarqızı

Seçilən
0
27
tribunainfo.az

10Mənbələr