EN

Ərəb Körfəz ölkələrinə bunca yaxınlaşmaq nədir, oradan gələn turistlərin azalması nədir...


Elçin Rüstəm: "Ölkəyə gələn turistlər əsasən qiymətlərin yüksək olmasından şikayətlənir"

Son illər ölkəmizə səyahət edən xarici turistlərin sayı artır. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735.8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.3 faiz çox turist gəlib.

Gələnlərin 24.2 faizi Rusiya, 18 faizi Türkiyə, 11 faizi Hindistan, 9 faizi İran, 4.7 faizi Gürcüstan, 3.6 faizi Qazaxıstan, 2.9 faizi Pakistan, 2.5 faizi Səudiyyə Ərəbistanı, 2.2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.9 faizi İsrail, hər birindən 1.8 faiz olmaqla Özbəkistan və Çin, 1.5 faizi Ukrayna, 1.4 faizi Türkmənistan, 1.1 faizi Küveyt, 1 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olub.

Ancaq 2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3.4 faiz azalıb. Bu müddətdə ölkəmizə ərəb dövlətlərindən cəmi 117 min turist gəlib.

"Turist sayının azalma səbəblərindən biri də onların alternativ bazarlara müraciət etməsidir"

Məsələ barədə fikir bildirən turizm sahəsi üzrə ekspert Elçin Rüstəm "Bakı-Xəbər"ə şərhində bildirdi ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur: "Körfəz ölkələrindən gələn turistlərin sayının azalmasının bir neçə səbəbi var. İlk olaraq deyim ki, əvvəllər ərəb turistlərin çoxu Bakıda istirahət etməyə üstünlük verirdi, sonra onlar bölgələrimizə üz tutdular. Lakin bölgələrimizdə qiymət siyasəti düzgün aparılmır. Ölkəyə gələn turistlər əsasən qiymətlərin yüksək olmasından şikayətlənirlər. Danılmaz faktdır ki, bu gün Azərbaycanda çox baha qiymətə xidmət göstərən obyektlər üstünlük təşkil edir. Halbuki, turizm sahəsində qiymət bahalığı rəqabət məsələsində rol oynamamalıdır. Turist axınının artırılmasında maraqlıyıqsa, qiymətləri ucuzlaşdırmalıyıq. Bir şərtlə, qiymətin ucuzlaşması xidmət səviyyəsini aşağı salmamalıdır. Qiymət siyasəti ilə yanaşı, peşəkar kadr sistemi formalaşdırılmalı və kurort rəhbərinin peşəkarlığı artırılmalıdır”.

Ekspert onu da əlavə etdi ki, turist sayının azalmasının səbəblərindən biri də onların alternativ bazarlara müraciət etməsidir.

Günel CƏLİLOVA

Chosen
0
34
baki-xeber.com

10Sources