EN

Lionel Messi və “İnter Mayami”ni finala buraxmadılar

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ klubu “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün CONCACAF Çempionlar Kubokunun yarımfinal mərhələsində Kanadanın “Vankuver Uaytkeps” komandası ilə üz-üzə gəlib.

“İnter Mayami” səfərdə 0:2 hesabıyla uduzduğu bu rəqiblə cavab oyunundan da 1:3 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə ABŞ klubu Çempionlar Kubokunda finala yüksələ bilməyib.

Messi 90 dəqiqə oynadığı bu görüşdə komandasının məğlubiyyətinə mane ola bilməyib.

Qeyd edək ki, mayın 2-də keçiriləcək digər yarımfinal oyununda Meksikanın “Krus Asul” və “UANL Tiqres” klubları üz-üzə gələcəklər. Bu komandalar arasındakı ilk matç heç-heçə yekunlaşıb – 1:1.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 13 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 51 oyun, 42 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
0
8
arena.az

10Sources