Argentinalı dünya çempionu Lionel Messinin şərəfini qoruduğu "İnter Mayami" MLS-də ağır məğlubiyyətə düçar olub.

Offsideplus.az xəbər verir ki, Mayami təmsilçisi ABŞ çempionatının XIV turunda öz meydançasında "Orlando Siti"dən 3 cavabsız top buraxıb. 

Komandanın qol silahları - Messi və Luis Suares meydançada olsalar da, rəqib qapısına yol tapmaq mümkün olmayıb. Üstəlik, argentinalı hücumçu sarı vərəqə ilə cəzalandırılıb.

Bu uğursuzluqdan sonra "İnter Mayami" Şərq Konfransında 6-cı pilləyə enib.

Bu, son 3 turda komandanın ikinci böyükhesablı məğlubiyyətidir (2 tur əvvəl "Minnesota"ya səfərdə 1:4 hesabı ilə uduzmuşdular). Ümumiyyətlə, eniş dövrü yaşayan "İnter Mayami" axırıncı 5 turda cəmi 5 xal qazanıb.

Gecə yaşanan 0:3 hesablı məğlubiyyətin ardından Messi narahatlığını dilə gətirib: "İndi məlum olacaq ki, çətin dövrdə biz əsl komanda oal bilərik, ya yox. Uğurlar, qələbələr olanda, hər şey çox asan başa gəlir. Komandanı uğursuzluq dövründə bir yerə toplamaq çox çətindir. Biz özümüzü ələ almalıyıq".