AZ

Stomatoloqlardan 1800 manat tələb edilməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycan Stomatoloqlar Birliyinin Facebook səhifəsində edilən bir paylaşım diqqət çəkib. Paylaşımda qeyd edilir ki, dövlət poliklinikalarında işləyən stomatoloqlara TƏBİB “plan” qoyub

“Hər bir stomatoloq ayda 1200 manat icarə haqqı və 600 manat təmir pulu ödəməlidir”.

Təbii ki, bu paylaşım ciddi müzakirələr yol açıb.

Stomatoloqlardan niyə pul tələb olunur?

Məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənmək üçün sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb:

“Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb. Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.

Qeyd edilib ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir:

“Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli Qərarı ilə təsdiqlənib.
 

Hazırda tərəfimizdən təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır.


Narahatlıqları anlayışla qarşılayırıq və bildirmək istəyirik ki, istənilən qərar hüquqi əsaslandırma və mərhələli tətbiq prinsipi ilə həyata keçiriləcək. TƏBİB olaraq qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcəyik”.

Qurumun məlumatında o da vurğulanıb ki, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə dünən bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr