AZ

Bir qrup stomatoloq stomatoloji kabinetlərdən hər otaq üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat ödəniş tələb olunmasına etiraz edib-TƏBİBDƏN CAVAB

Xəbər verdiyimiz kimi, ölkədə bir qrup stomatoloq stomatoloji kabinetlərdən hər otaq üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat məbləğində ödəniş tələb olunmasına etiraz edib.

Onlar bildiriblər ki, son zamanlar qarşılaşdıqları ədalətsizliklər, həmçinin stomatoloqların nüfuzunu və fəaliyyətini sual altına alan qərarlara görə dərin narahatlıq keçirirlər:

"Bu gün TƏBİB tərəfindən stomatoloji müəssisələrə tətbiq edilən yeni 1200 və 1800 manatlıq “plan” tələbi nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur. Biz, stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxır, aşağıdakı tələblərlə rəsmi qurumlara və cəmiyyətə müraciət edirik:

1.TƏBİB-in tətbiq etdiyi 1200 və 1800 manatlıq plan tələbləri dərhal ləğv olunsun;
2.Stomatoloji fəaliyyət yalnız müvafiq diplom və icazəsi olan şəxslər tərəfindən həyata keçirilməli, digərlərinə qarşı hüquqi tədbirlər görülməlidir;
3. Təhsilli və peşəkar həkimlərin işdən uzaqlaşdırılması və ya təzyiqə məruz qalması dayandırılsın;
4. Həkimlərin əməyinə, peşəkarlığına və insan sağlamlığına verdiyi töhfəyə hörmətlə yanaşılsın."

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakupost.az -a bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb:

"Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb. Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib.

Qeyd edirik ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli Qərarı ilə təsdiqlənib".

TƏBİB-dən qeyd edilib ki, hazırda aparılan təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır:

"Narahatlıqları anlayışla qarşılayırıq və bildirmək istəyirik ki, istənilən qərar hüquqi əsaslandırma və mərhələli tətbiq prinsipi ilə həyata keçiriləcək.

TƏBİB olaraq qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcəyik.

Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməyib. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bu gün bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb".

Lalə Novruz,
BakuPost

Seçilən
0
9
azia.az

10Mənbələr