AZ

Azərbaycanlı bir şairin Nobel mükafatına namizədliyi irəli sürüləcək...

Ədəbiyyat İnstitutu ilə Rumıniyanın Beynəlxalq Mihay Eminesku Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli rumın şairi, Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidenti professor İon Deakonesku ilə görüş keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə akademiyadan məlumat verilib.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bugünkü görüşlə müstəqillik illərində AMEA-da ilk dəfə Rumıniya ilə elmi, ədəbi əlaqələrin qurulması istiqamətində addım atıldığını söyləyib. Qeyd edib ki, görüşün keçirilməsində məqsəd həm professor İon Deakoneskunun yaradıcılığı ilə tanış olmaq, həm də Beynəlxalq Mihay Eminesku Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalamaqdır.

Akademik İsa Həbibbəyli bildirib ki, sovet dövründə Rumıniyadan ziyalılar, elm xadimləri Azərbaycana səfər etsələr də, bu, daimi xarakter almayıb, müstəqillik dövründə isə elmi əməkdaşlıq müqaviləsi imzalanmayıb. AMEA prezidenti vurğulayıb ki, Beynəlxalq Mihay Eminesku Akademiyası Rumıniyada nüfuzlu qurumlardan biridir və Avropada da qəbul olunur, dünyanın bir çox elmi təşkilatı ilə əməkdaşlıq edir, hər il poeziya festivalları təşkil edir, kitab və monoqrafiyalar, elmi jurnallar nəşr edir.

Bugünkü müqavilənin Rumıniya ilə Azərbaycan arasında elmi əlaqələrin qurulmasında ilk körpü olacağını deyən akademik İsa Həbibbəyli artıq oxucuların rumın yazıçıların ədəbi yaradıcılığı ilə tanışlığa başladığını, AYB-nin katibi Səlim Babullaoğlu tərəfindən İon Deakoneskunun “Müsahibə” seçmə şeirlər toplusunun Azərbaycan dilinə tərcümə edildiyini diqqətə çatdırıb. Şairin 35 şeirinin yer aldığı toplu ilə tanış olduğunu deyən akademik İsa Həbibbəyli ədibin yaradıcılığında son illərdə Avropada baş vermiş ədəbi proseslərin əksini tapdığını söyləyib. Qeyd edib ki, professor İon Deakoneskunun yaradıcılığında naturalizmin əlamətləri müşahidə olunsa da, üstünlük təşkil etmir və şair daha çox sürrealizm ədəbi cərəyanında yazıb yaradır.

AMEA rəhbəri rumın ədəbiyyatının görkəmli siması İon Deakoneskunun bu günlərdə AYB-nin “Məhəmməd Füzuli medalı” ilə təltif olunması münasibətilə təbriklərini çatdırıb.

Akademik İsa Həbibbəyli, həmçinin qonağa rəhbərlik etdiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixi, görkəmli simaları, fəaliyyət istiqamətləri, eləcə də Türk dünyası, macar, bolqar, Şərq xalqları ədəbiyyatına dair aparılan tədqiqatlardan danışıb. Qeyd edib ki, bugünkü görüş və imzalanacaq müqavilə Rumıniyada yaşayan türklərin ədəbi yaradıcılığını da öyrənməyə imkan verəcək, tərəflər birgə tədbirlər təşkil edəcək, kitablar, məqalələr ərsəyə gətirəcəklər.

Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidenti, şair, ədəbi tənqidçi, tərcüməçi İon Deakonesku çıxışında əlaqələrin artıq real hadisələr formasında inkişaf etməsinin əhəmiyyətli olduğunu bildirib, rəhbərlik etdiyi akademiyanın Nobel mükafatına namizəd vermək hüququ olduğunu diqqətə çatdırıb. İon Deakonesku gələn il Beynəlxalq Mihay Eminesku Akademiyası tərəfindən Azərbaycandan olan bir şairin Nobel mükafatına namizədliyinin irəli sürüləcəyini söyləyib.

Həmçinin şeirləri haqqında vurğuladığı orijinal fikirlərinə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib, Azərbaycan dilində çıxacaq növbəti kitabına AMEA rəhbərinin ön söz yazmasını rica edib. O, rəhbərlik etdiyi akademiyanın keçirdiyi festivallar haqqında məlumat verərək gələcək planlardan danışıb, gələn il Azərbaycanda Füzuli-Eminesku festivalının keçirilməsini təklif edib.

O, akademik İsa Həbibbəylinin Beynəlxalq Mihay Eminesku Akademiyası tərəfindən “Mihay Eminesku” medalı ilə təltif olunduğunu bildirib və mükafatı AMEA rəhbərinə təqdim edib.

Həmçinin Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soareyə də Beynəlxalq Mihay Eminesku Akademiyasının qızıl medalını və “Mədəniyyət səfiri” diplomunu təqdim edib.

Daha sonra Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxış edərək ölkələrimiz arasında diplomatik münasibətlərdən danışıb, elmi, mədəni əlaqələrin daha geniş vüsət alması üçün bu cür tədbirin təşkilatçılarına təşəkkür edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli, professor Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktoru Aytən Rüstəmova və AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu isə çıxışlarında qurumlar arasında imzalanacaq müqavilənin əməkdaşlıq sahəsində daha səmərəli işlərin görülməsinə töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Rumıniyanın Beynəlxalq Mihay Eminesku Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor İon Deakonesku imzalayıblar.

Seçilən
0
2
sia.az

5Mənbələr