Bakıda bir nəfər 9 ədəd qaşıq udub.
Xezerxeber.az-ın Modern.az-a istinadən məlumatına görə, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasınatəcili tibbi yardım üçün müraciət olunub.
İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.
Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub. Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır.
Bakı Sağlamlıq Mərkəzinin həkim-qastroenteroloqu Dr. Rüfət Bağırov Modern.az-a açıqlamasında bildirib ki, 19 may tarixində saat 01:00 radələrində Çağrı Mərkəzimizə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat daxil olub. Şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı var idi.
"3 saylı Şəhər Klinik Xəstəxanasından müraciət olunub, lakin digər tibb müəssisələri tərəfindən qəbul edilməyib. Klinikamıza əlaqə yaradıldıqdan dərhal sonra komandamız vəziyyətə operativ reaksiya göstərib, pasiyent təxirəsalınmadan qəbul edilib.
Peşəkar tibbi heyətimizin çevik və koordinasiyalı fəaliyyəti nəticəsində əməliyyat uğurla həyata keçirilib. Endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilib.
Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir", - həkim qeyd edib.