
“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş zəruridir”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın cümə günü Putinlə mümkün qədər tez görüşəcəyi ilə bağlı sözlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu görüşdə Ukrayna böhranı da daxil olmaqla, beynəlxalq məsələlər üzrə ciddi müzakirə olmalıdır.
“Belə bir görüş, şübhəsiz ki, zəruridir. Bu, ilk növbədə, həm ikitərəfli Rusiya-Amerika münasibətləri baxımından, həm də beynəlxalq məsələlər və regional proseslər, o cümlədən, Ukrayna ətrafında böhranla bağlı ən yüksək səviyyədə ciddi söhbətin müzakirəsi baxımından lazımdır”, - Peskov bildirib.
O, Rusiya və ABŞ prezidentləri arasında təmasların Ukraynada nizamlanma kontekstində son dərəcə vacib olduğunu qeyd edib. Peskov eyni zamanda qeyd edib ki, belə görüşlərə yaxşı hazırlaşmaq lazımdır.
“Sammit hazırlanmalıdır və o, məhsuldar olmalıdır, çünki sammitlərdən əvvəl həmişə ekspert danışıqları, məsləhətləşmələr və uzun, gərgin hazırlıq gedir”, - Peskov əlavə edib.