İsrailin Qəzzada həyata keçirdiyi son hava zərbələrində 114-dən çox fələstinli həlak olub. ABŞ-ın yüksək rütbəli diplomatı Marko Rubio isə bölgədəki humanitar vəziyyətin “narahatedici” olduğunu etiraf edib. Bu bəyanat Vaşinqton-Təl-Əviv münasibətlərində yumşaq da olsa çat yarandığını göstərir.
ABŞ senatoru Marko Rubio NATO xarici işlər nazirlərinin Türkiyədə keçirilən toplantısından sonra bildirib ki, Qəzzadakı insanların çəkdiyi əzab diqqətdən kənarda qalmamalıdır. O, ABŞ-ın “Həmas mövcud olduğu müddətcə sülh mümkün deyil” mövqeyini bir daha təkrarlasa da, Qəzzadakı humanitar böhranın ciddiliyini vurğulayıb:
“Biz Qəzzadakı insanların əziyyətlərinə laqeyd deyilik. Onlara yardım göstərmək üçün fürsətlər var,” – deyə Rubio bildirib.
İsrailin “yardım planı” BMT tərəfindən rədd edildi
İsrail və ABŞ-ın mübahisəli yardım planı – Qəzzada özəl şirkətlər vasitəsilə yardım məntəqələrinin qurulması təklifi – artıq BMT tərəfindən rədd edilib. BMT bu planı “etik olmayan və həyata keçməsi mümkün olmayan” bir təşəbbüs kimi dəyərləndirib.
Qəzza Humanitar Fondu adlı ABŞ dəstəyi ilə yaradılan yeni təşkilatın yaxın iki həftə ərzində fəaliyyətə başlaması planlaşdırılır. Bu fond İsraildən müvəqqəti olaraq BMT və digər qurumların yardım çatdırmasına icazə verilməsini istəyib, lakin İsrail rəsmiləri bu tələblərdən xəbərsiz olduqlarını bildiriblər.
Cənubi Qəzzada yerləşən Xan Yunis şəhəri bu günə qədər ən ölümcül hava hücumuna şahid olub. Yerli xəstəxanalar 56 nəfərin, o cümlədən 36 uşağın həlak olduğunu açıqlayıb.
Sakinlərdən biri BBC-yə deyib ki, Nasser xəstəxanasının morqu artıq dolub və cəsədlər dəhlizlərdə saxlanılır. Yaralılar isə döşəmədə, skamyada və yerdə müalicə olunur.
Donald Tramp bölgəyə səfəri zamanı İsrailin hərbi kampaniyasına tam dəstəyi bir qədər yumşaltmış kimi görünür. Bu da Tramp ilə Netanyahu arasında mediada yayılan fikir ayrılıqlarını gücləndirir.
İsrail isə bildirir ki, Həmas üzərində hərbi təzyiqlər davam edəcək və girovlarla bağlı danışıqlar bu şəraitdə aparılacaq. Hazırda Həmasın əlində 58 girov qalır, onların 23-nün sağ olduğu güman edilir.
Açlıq və ümidin yoxluğu
BMT-nin dəstəklədiyi qiymətləndirmə göstərir ki, Qəzzada yarım milyondan çox insan aclıq təhlükəsi ilə üz-üzədir. İsrail isə 10 həftədir bölgəyə heç bir ərzaq və tibbi yardım buraxmır.
BMT bildirir ki, beynəlxalq hüquqa əsasən İsrail Qəzzanın mülki əhalisinə yardım təmin etməyə borcludur. Təl-Əviv isə bu iddiaları rədd edir və “ərzaq çatışmazlığı yoxdur” deyə bildirir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta