Yerli səhiyyə rəsmiləri çərşənbə günü İsrailin Qəzzanın şimalında məcburi köçkün ailələrin sığındığı məktəbə etdiyi hücum nəticəsində 13 fələstinlinin həlak olduğunu bildirib. İsrail qüvvələri Qəzzanın cənubundakı Rəfah şəhərində evləri və binaları dağıtmağa davam edir.
Vətəninfo.az xəbər verir ki, Fələstin mediası həlak olanlar arasında yerli jurnalist Nur Abduyun da olduğunu açıqlayıb. Lakin İsrail ordusu hücumun, məktəb şəhərciyində yerləşən və komanda mərkəzi kimi fəaliyyət göstərən “terrorçuları” hədəf aldığını bildirib.
HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları İsrail zirehli qüvvələrinin Xan Yunisin şərqində yerləşdiyi ərazidə minalanmış sahəni partlatdıqlarını açıqlayıb. Rəfah rayonundakı sakinlər və HƏMAS mənbələri, şəhəri nəzarətə götürən İsrail qüvvələrinin evləri partlatmağa və infrastrukturu məhv etməyə davam etdiyini bildiriblər.
İsrail əsgərləri Qəzza zolağının təxminən üçdə birini ələ keçirərək, əhalini köçürüb və bu ərazilərdə hərbi təhlükəsizlik zonaları yaradaraq müşahidə qüllələri və postlar inşa ediblər. İsrail rəsmiləri Rəfahın gələcəkdə potensial humanitar zona kimi istifadə edilə biləcəyini də qeyd ediblər.
İsrailin verdiyi məlumata görə, müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın 1200 nəfəri öldürdüyü və 251 nəfəri girov götürdüyü hücumla başlayıb. Yerli səhiyyə rəsmiləri bildirir ki, indiyədək İsrailin hücumları nəticəsində əksəriyyəti mülki vətəndaş olmaqla 52 mindən çox fələstinli həyatını itirib və Qəzzanın böyük hissəsi xarabalığa çevrilib.