AZ

Azərbaycana gətirilən 1,7 milyard dollarlıq qızılın SONRAKI AQİBƏTİ...

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin birinci rübündə 1,7 milyard dollar dəyərində qiymətli metallar idxal edib.

Ölkənin qiymətli metal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 132 dəfə çoxdur. Hesabat dövründə qiymətli metal idxalı Azərbaycanın ümumi idxalının 30,2%-ni təşkil edib.

Qızıla tələbatın bu qədər artmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, bütün dünyada qızıla tələbat artır:

“Qızılın qiymətinin sürətlə yüksəlməsinin da səbəbi artan tələbatdır. Qızıla dünyada tələbatın artması bir böhran indikatorudur. Sahibkarlar və imkan sahibləri makroiqtisadi idarəçilərdən daha tez duyur ki, qarşıdan böhran gəlir. Təbii ki, onlar da ekstrasens deyillər. Sadəcə izləyib görürlər ki, onların dövriyyədə olan kapitalları ya az mənfəətlə, ya mənfəətsiz, ya da ki, ziyanla işləyir. Belə vəziyyətdə sahibkar yavaş-yavaş kapitalı dövriyyədən çıxardır”.

Bəs, dövriyyədən çıxan kapital hara yönəldilir?

Müsahibimiz qeyd edir ki, belə vəziyyətdə ilk ağıla gələn dəfinə variantıdır:

“Nəzərə alaq ki, tarixən dəfinə ən etibarlı saxlanc vasitəsi olub. Dəfinə də əsasən qızıldan formalaşır. İqtisadi böhran dönəmində həm daşınmaz əmlakın, həm də valyutaların dəyəri xeyli azalır. Lakin belə vəziyyətdə qızılın qiyməti artır. Ona görə də imkan sahibləri dərinləşən böhranı gördükcə qiymətli metallar almağa daha çox üstünlük verir. Bu mənada davam edən infilyasiya fonunda kapitalın qızıla çevrilməsi prosesi sürətlənir.

Gömrük məntəqələrindən idxal edilən qiymətli metalların təsnifatı aparılsa, açıq-aydın görərdik ki, ölkəyə əsasən qızıl külçələr gətirilir. Çünki digər qiymətli metallarla və hazır qızıl məmulatları ilə müqayisədə külçələr hər zaman öz dəyərini qoruyub saxlayır. Ona görə də davam edən infilyasiya prosesində ölkəmizə gətirilən qiymətli metalların həcmi sürətlə artır”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr