RU

Təhsil ailənin kölgəsində cücərir - “Örnək müəllim” yazır...

Müəllim kimi fəaliyyət göstərdiyim kənd məktəbindəAzərbaycan dili dərsində şagirdlərə tapşırıq verdim: “Böyüyəndə nəçi olmaq istəyirsən?” Kağızları oxuyanda bir qızın dəftərində yazılmış bu cümlə məni çox düşündürdü: “Mən anamın oxuya bilmədiyi kitab olmaq istəyirəm".

Esseləri yoxlayandan sonra onu yanıma çağırıbyazıdığı cümlənin mənasını soruşdum. Dedi ki, anası məktəbə getməyib, amma dərsə gedən qızının çantasını yığanda  dəftərlərini səliqəyə salanda, yalnız bu cümlə deyir: “Sən mənim səsim ol.” Bu, bir ailənin təhsilə olan dərin inamının ifadəsidir. Bəzən təhsildəvalideynin rəsmi imzası olmur, amma izi olur – evdəki bir baxışda, yığılan çantada, yuyulmuş forma köynəyində,  “oxu bala” sözündə…

Aylar sonra həmin qız məktəbin təşkil etdiyi respublika səviyyəli “Ən yaxşı esse” müsabiqəsində qalib oldu. Müsabiqənin mükafatlandırma mərasimində anası da gəlmişdi. Sakit, həlim xasiyyət birinə bənzəyirdi.Qürur dolu baxışlarla qızının yanında oturmuşdu. Övladını təbrik etmək üçün ona söz veriləndə nitqini belə tamamladı: O yazdıqlarını mən oxuya bilmirəm, amma onun oxuması mənim üçün bu dünyada hər şeydir.”

Bu hadisə həyatımın unudulmayan dərsi oldu. Təhsil təkcə məktəbdə verilmir. Ailə – uşağın ilk auditoriyası, ilk dəstəkçisi, ilk yol göstərəni, ilk müəllimidir və əgər o evdə təhsilə inam varsa, həmin uşağın həyatda uğur qazanmağına bir səbəb var deməkdir. Uğurlarımızyalnız məktəbdən deyil, ailədən başlayır, onların təməli və daimi dəstəyi ilə möhkəmlənir. Ailə təhsilin görünməyən dayağıdır. Bir valideyin savadlı olmaya bilər, amma inamı, diqqəti, dəstəyi ilə övladının gələcəyini yaxşı yönə dəyişə bilər.

Ailə – Uşağın ilk məktəbidir!

Təhsil uşağın məktəbə ayaq basması ilə başlamır. İlk müəllim ana və ata, ilk təlim isə ailə daxilində baş verir. Uşaq danışmağı, dinləməyi, reaksiya verməyi, öyrənməyi əvvəlcə ailəsində görür. Ailədə intizam varsa, məktəb qaydaları ağır gəlməz. Ailədə oxumağa dəyər verilirsə, uşaq kitabı maraqla açar.

Məşhur amerikalı psixoloq Urie Bronfenbrennerin ekoloji sistemlər nəzəriyyəsinə əsasən, uşağın inkişafına birbaşa təsir edən əsas mikrosistem ailədir. Bu nəzəriyyə illərlə aparılan beynəlxalq araşdırmalarla da təsdiqlənir.

Beynəlxalq statistika nə deyir?

Ailə və təhsil arasında əlaqə təkcə mədəni dəyər deyil, artıq qlobal səviyyədə ölçülə bilən bir faktordur.

OECD tərəfindən 2024-cü ildə 38 ölkədə aparılan son təhlilə əsasən, müəllimlə müntəzəm əlaqə quran valideynlərin uşaqları məktəbdə daha yüksək akademik nəticələr göstərir. Valideyn-məktəb əməkdaşlığının güclü olduğu ailələrdə şagirdlərin oxuma və riyaziyyat üzrə nəticələri orta hesabla 28% daha yüksək olub.Əlavə olaraq, bu şagirdlərdə məktəbə qarşı motivasiya və mənsubiyyət hissi də daha güclü müşahidə olunub.

UNICEF-in 2023-cü il hesabatında vurğulanır ki, pozitiv və dəstəkləyici ailə mühiti olan uşaqların emosional və sosial bacarıqları daha inkişaf etmiş olur. Bu uşaqlar öyrənməyə qarşı daha açıq və davamlı davranış göstərirlər. Ən yüksək göstəricilər İsveç, Kanada və Cənubi Koreya kimi ölkələrdə qeydə alınıb.

PISA-nın 2022-ci il hesabatına görə, evində 50-dən çox kitab olan və valideynləri mütəmadi oxuyan şagirdlərin oxu bacarığı daha yüksək olur. Evdə nizamlı öyrənmə bucağı olan, ailə üzvləri ilə dərs barədə söhbət edən şagirdlərin nəticələri əhəmiyyətli dərəcədə digərlərində yüksəkdir.

Valideyn iştirakı və məktəbdən ayrılma riski

Harvard Tədqiqat Mərkəzinin uzunmüddətli araşdırmasına görə, valideyn dəstəyi az olan şagirdlərin məktəbdən ayrılma ehtimalı 2-3 dəfə daha çoxdur. Ailələrin sosial-iqtisadi durumu fərqli olsa da, emosional dəstək və maraq əsas fərqləndirici amildir.

Finlandiyada ailələrə məktəb tərəfindən mütəmadi maarifləndirmə seminarları keçirilir. Bu tədbirlər nəticəsində valideynlər övladlarının tədris planı, psixoloji ehtiyacları və sosial bacarıqları ilə daha yaxından maraqlanır.

Yaponiyada isə valideynlər övladlarının məktəbdənkənar fəaliyyətlərinə fəal cəlb olunur. Yaponiya Təhsil Nazirliyi valideyn iştirakının şagirdin öhdəlik hissini artırdığını və intizam pozuntularını azaltdığını bildirilir.

Dünya Bankının Cənubi Asiya ölkələri üzrə təhlilində göstərilir ki, ailədə valideynlərin təhsil səviyyəsi və ailədaxili kommunikasiya, uşaqların məktəbə davamiyyəti və dərs müvəffəqiyyətində əsas rol oynayır. Xüsusilə, anaların təhsilli olduğu ailələrdə qız uşaqlarının məktəbdəki göstəricilərində ciddi artım qeydə alınıb.

Avropada PISA nəticələrində lider olan ölkələrdə ailənin övladlarını təhsilə ciddi şəkildə stimullaşdırdığı ortaya çıxır. Valideynlər məktəb proseslərinə cəlb olunur, uşaqlar məktəbdə keçdiklərini evdə valideynləri ilə müzakirə edir. Valideynlərin müəllimlərlə daimi əlaqədə olmasını hüquqi və texnoloji sistemlə təmin edir. Finlandiyada məktəblər valideynlər üçün seminarlar, dərs müşahidələri və birgə layihələr təşkil edilir.

Azərbaycanda ailə dəyərləri hər zaman güclü olub. Lakin müasir dövrdə sosial-iqtisadi faktorlar, texnologiyanın dominantlığı və valideyn məşğulluğu uşağın təhsilinə diqqəti zəiflədə bilər. Əgər ailə şagirdin dərs yükünü, psixoloji durumunu, maraqlarını yaxından izləmirsə, məktəbin təkbaşına uğur təmin etməsi çətinləşir. Burada həm ailələrə, həm də təhsil sisteminin üzərinə məsuliyyət düşür. Valideynlərin maarifləndirilməsi, ailə-məktəb əlaqələrinin strateji formada qurulması, müəllimlərin ailələrlə empatik ünsiyyət bacarıqlarının artırılması vacib məsələlərdir.

Təhsil təkcə məktəbin işi deyil!

Təhsil – ailə, məktəb, cəmiyyət və dövlətin ortaq layihəsidir. Valideynlər öz övladlarının təhsil həyatında aktiv iştirak etdikcə, bu layihə daha uğurlu olur. Bəzən uşağın dərslə bağlı ciddi problemi valideynlərlə söhbətin nəticəsində çözülə bilir. Bu səbəbdən ailə sadəcə maddi təminatçı yox, həm də emosional və intellektual dəstəkçi olmalıdır.

Əgər bir uşağın arxasında onu anlayan, sevən, qoruyan bir ailə dayanırsa, o uşaq dünyanın ən qarışıq yollarında belə azmaz, çünki içində bir istiqamət işığı daşıyır – o işığın adı inamdır, güvəndir, məhəbbətdir. Bu güvənin beşiyi ailədir. Uşaq üçün məktəb çantası qədər, bəzən ondan da artıq, sabah yuxudan ayılanda evdəki bir baxış, “oxu bala” deyən bir səs, yolda onu müşayiət edən bir addım vacibdir.

Biz də vaxtilə bir kölgənin altında böyümüşük –qürurlu, əziyyətli həyatları ilə bizə sərinlik, sükut və güvən verən valideynlərimizin kölgəsində nəfəs almışıq. Hər düşən yarpaq, hər əsən meh onların bizə bağışladığı bir dua kimi idi. Biz də o kölgəni salacaq qədər böyümüşük. İndi bizim də borcumuzdur ki, kölgəsi başqalarının üstünə düşən ağaclar olaq.

Əgər bir uşaq bu gün məktəbdə özünü ifadə edə bilirsə, sinifdə əlini qaldırmaqdan çəkinmirsə, ürəyindəkini yazıya tökürsə, bu, onun ailəsindən aldığı görünməyən bir icazənin nəticəsidir. O icazə – “Sən danışa bilərsən”, “Sən bacararsan”, “Sən dəyərlisən” sözlərinin sükutdakı əksidir.

Ailənin təhsildəki rolu, bəzən yazılmayan, amma ən təsirli imzadır. Kitab oxuya bilməyən bir ana, oxuyan bir övladın ruhuna elə bir cümlə yazır ki, onu heç kəs silə bilməz. O cümlə övladının sabahına, şəxsiyyətinə, yoluna yön verər.

Hər uğurlu övladın arxasında kölgəsi onun üstünə düşən bir ağac - ailəsi var. Kölgəsi üzərimizə düşən ağaclar kimi, qoy, bizim də kölgəmiz balalarımızın həyat yolundakı addımlarına qüvvət, uğura doğru yüksələn qanadlarına güc olsun…

 

Mənbələr:

1. OECD Education at a Glance 2024

2. UNESCO: Parent Involvement in Education

3. PMC Research: Family Environment and Academic Achievement

4. Estonian Ministry of Education – Parental Participation Programs

5. The Times – Estonia’s Curriculum

 

 

Şəxsi inkişaf üzrə kouç,təlimçi, marker, mentor,

müəllim, “Müasir metodist” layihəsinin metodisti,

yazar, “Özünə Yox De” kitabının müəllifi  Nigar Mahi

 

 

Избранный
0
azedu.az

1Источники