RU

Türkiyə bu xətti seçəcək: Ankara Bakı ilə İrəvan arasındakı sülh sazişini gözləyir - Sabiq səfir açıqladı

"Artıq Azərbaycan və Ermənistan arasında 17 maddədən ibarət sülh sazişi üzərində razılıq əldə edilib. Amma yekun sülh sazişinin imzalanması üçün Bakının iki mühüm şərti də icra edilməlidir. İlk növbədə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarılmalıdır. Sözsüz ki, bu Azərbaycanın legitim tələbidir. Çünki qonşu ölkələrin rəsmi sənədlərində bir-birini narahat edəcək müddəaların olması məqbul deyil. Sülh sazişi bu şərtlərlə imzalanmış olsa belə, o, qarşıdakı dövrdə əlavə problemlər yarada bilər. Digər bir mövzu isə ATƏT-in Minsk qrupundan birgə imtina ilə bağlıdır".

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Sabiq səfir qeyd edib ki, əslində Minsk qrupunda təmsil olunan üç ölkə, yəni ABŞ, Rusiya və Fransa arasında ciddi problemlər var: “Faktiki olaraq bu təşkilat mövcud deyil. Amma Ermənistan tərəfi, xüsusən də Baş nazir Nikol Paşinyan israrla Minsk qrupunun saxlamasına çalışır. Onlar iddia edirlər ki, Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiası ola bilər və s. Minsk qrupunun onları qoruyacağına dair gözləntiləri var”.

Hulusi Kılıç bildirib ki, Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra Ermənistana qarşı hər hansı bir iddiasının olmadığını ən yüksək səviyyədə bəyan edib: “Bu mənada rəsmi İrəvanın iddialarına heç bir əsas yoxdur. Vaxt itirmədən Minsk qrupunun ləğvi tərəflər arasında etimad mühitinin yaranmasına yol aça bilər. Ermənistan Azərbaycanın sülhlə bağlı bütün tələblərini yerinə yetirməlidir. Sözsüz ki, Bakı ilə İrəvan arasında əldə ediləcək sülh sazişindən sonra Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşması mümkündür. Beləliklə, bölgə üçün yeni bir dönəm başlamış olacaq. Region xalqları sülh və firavanlıq içərisində yaşayacaq. Bölgədə olan mühüm imkanlardan ermənilərin də yararlanması mümkün olacaq. Bu reallıqları nəzərə alaraq, Ermənistan qısa zamanda üzərinə düşən vəzifələri icra etməlidir”./teleqraf

Избранный
0
50
turkustan.az

10Источники