RU

Faşizm üzərində qələbədə Azərbaycanın indiyədək gizli qalmış rolu - Üçüncü faktor

BAKI, 9 may. TELEQRAF

"Azərbaycanın İkinci Dünya müharibəsində qələbənin təmin edilməsində oynadığı rol 2 mühüm faktorla əlaqələndirilir. Birincisi, cəbhəyə 700 min nəfərlik canlı qüvvə göndərməsi, ikincisi isə cəbhəni fövqəladə əhəmiyyətə malik neft və neft məhsulları ilə təmin etməsidir".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O bildirib ki, ölkəmizin faşizmin məğlub edilməsində oynadığı üçüncü vacib rol barədə çox az danışılıb.

"Sovet Azərbaycanı həm də özünün coğrafi mövqeyi ilə faşizm üzərində qələbənin təmin edilməsinə töhfə verib. Bu da üçüncü vacib faktordur. Sovet Azərbaycanının oynadığı koridor funksiyası barədə bəzi faktları vurğulamaq istərdim. ABŞ müttəfiqləri və tərəfdaşlarının köməyi ilə faşist Almaniyasının məğlubiyyəti üçün 1941-ci ilin martında Lend-liz proqramını qəbul edir. ABŞ hökuməti 1945-ci ilin sentybarınadək, yəni Yaponiyanın təslim olmasına kimi hərbi və qeyri-hərbi təyinatlı materiallar və məhsullarla təchizat üçün 50 milyard ABŞ dolları məbləğində vəsait ayırmışdı.

1941-ci ilin oktyabrından Sovet İttifaqına münasibətdə də tətbiq edilən Lend-liz proqramı çərçivəsində SSRİ-yə göstərilən 11 milyard ABŞ dolları dəyərində yardımların 45 faizi İran və Sovet Azərbaycanı üzərindən, həmçinin Azərbaycanın Xəzər dənizindəki sektoru vasitəsi ilə daşınıb.

Azərbaycanın Xəzər dənizindəki sektoru vasitəsilə daşınan 17,8 milyon ton yükün təqribən 8 milyon tonu Azərbaycandan keçib. ABŞ-dan yola salınan yük gəmiləri Afrika yaxınlığında "Ümid" burnundan keçərək İran-Fars Körfəzinə, Bəndər Abbas ərazisindəki limanlara gəlirdilər".

Millət vəkili qeyd edib ki, bu, ən təhlükəsiz yol idi:

"Bu, digər iki təchizat yolu - Arktika (Murmansk və Arxengelsk limanlarından istifadə edilməklə) və Sakit okean marşrutundan (Vladivostok, oradan əsasən Transsibir dəmir yolu ilə daşınma) uzun olsa da, ən təhlükəsizi və etibarlısı idi. Bununla belə, 1942-ci ilin avqustundan 1943-cü ilin fevralınadək olan müddətdə Stalinqrad ətrafındakı döyüşlər zamanı və şəhər mühasirədən çıxarılana qədər Xəzər dənizindən Volqaya daşınan həmin yol faktiki dayanmışdı. Bu səbəbdən Azərbaycan üzərindən quru yoldan və dəmir yolu ilə daşımalar fövqəladə əhəmiyyət qazanmışdı. Amma 1943-cü ilin fevralından sonra Xəzər dənizindən keçən yol yenidən öz gücü ilə tam işə düşür. 1944-cü ildə ikinci cəbhənin açılması məqsədi ilə artıq Lend-liz proqramının gücləndirilməsi ilə bağlı yeni akt qəbul edilir və göndərilən hərbi təyinatlı məhsulların miqdarında yenidən artım olur".

Millət vəkili əlavə edib ki, İran şahı bu dövrdə faşist Almaniyası ilə əməkdaşlıqdan çəkinmirdi:

"Buna cavab olaraq Britaniya və Sovet İttifaqı birləşib Rza şahı devirir və onu Cənubi Afrikaya sürgün edirlər. Taxta çıxan şahın oğlunu məcbur etdilər ki, müdafiə xarakterli yüklərin İran ərazisindən və Sovet Azərbaycanından keçməyə razılıq versin və yüklər cəbhəyə daşınsın. Bundan sonra həmin dəhlizin əhəmiyyəti bir az da artır.

Sovet Azərbaycanı üzərindən daşınan hərbi təyinatlı materialların və digər məhsulların sayəsində Sovet İttifaqı 6 diviziyanı ön cəbhədə uzunmüddət saxlaya bilirdi. Bu yardımlar sovet ordusunun döyüş qabiliyyətini fasiləsiz təmin edilməsinə dəstək idi. Beləliklə, Azərbaycan İkinci Dünya müharibəsində qələbənin təmin edilməsinə həm də malik olduğu coğrafi mövqe, yəni vacib koridor funksiyası ilə də töhfə verib".

Избранный
0
teleqraf.com

1Источники