EN

Budapeştdə Türk həmrəyliyinin yeni mərhələsi, siyasi iradə və iqtisadi uzaqgörənlik



Birlik təkcə dil və tarix ortalığı ilə deyil, ortaq məqsədlərlə güclənir. Mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü məhz bu ruhda – müasir çağırışlara birgə cavab, siyasi həmrəylik və iqtisadi əməkdaşlığın yeni konturlarını müəyyənləşdirmə ruhunda yadda qaldı. Bu siyasi baxımdan suveren iradələrin harmoniyası kimi də diqqət çəkdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev görüşdəki çıxışında Türk Dövlətləri Təşkilatının siyasi çəkisini artıran strateji mesajlar verdi. Onun fikirləri, təşkilatın sadəcə mədəni-mənəvi bağlarla deyil, konkret siyasi və geosiyasi maraqlarla birləşən güc mərkəzinə çevrilməyə başladığını təsdiqlədi. Cənab Prezident bildirdi ki, “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.” Şuşa görüşü ilə başlayan siyasi simvolika Budapeştdə davam etdirildi. Beləliklə, təşkilatın qeyri-rəsmi formatdakı sammitləri artıq müntəzəm bir instituta çevrilir və bu, türk dövlətləri arasında siyasi etimadın artdığını göstərir. Cənab Prezident İlham Əliyev Macarıstanla əlaqələrə toxunarkən yeni nəsil diplomatiyanın – qarşılıqlı hörmət və strateji baxışların diplomatiyasının nümunəsini ortaya qoydu. Dedi ki, “Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.” Bu sözlər, suveren qərarlar əsasında qurulan əməkdaşlığın əhəmiyyətini vurğulayır. Budapeşt görüşü, eyni zamanda Qərblə Avrasiya arasında “körpü olan dövlətlərin” təşəbbüskar liderliyini ön plana çıxardı. Azərbaycan Prezidentinin nitqindəki əsas iqtisadi vurğular isə Türk Dünyasında ortaq inkişaf modelinin praktikaya keçdiyini nümayiş etdirdi. Cənab Prezident bildirdi: “Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.” Bu fakt, Azərbaycanın iqtisadi qüdrətini yalnız milli sərhədlərlə məhdudlaşdırmadığını, regionun ortaq gələcəyinə yönəltdiyini sübut edir. Bu baxımdan ölkənin nəqliyyat sektoruna qoyduğu sərmayələr və Orta Dəhlizdəki rolu xüsusi vurğulanmalıdır: “Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir.” Bu rəqəm təkcə statistik göstərici deyil – Orta Dəhliz artıq real iqtisadi arteriyaya çevrilib və burada Azərbaycanın mövqeyi dəyişməz lokomotiv rolundadır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernizasiyası, Ələt limanının genişləndirilməsi və hava nəqliyyat infrastrukturunun inkişafı göstərir ki, Bakı yalnız dəhliz keçidi deyil, həm də “logistik lider”dir. Cənab Prezidentin çıxışından daha bir strateji mesaj isə “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir”-deməsi oldu. Bu təşəbbüs rəqəmsal iqtisadiyyatın Türk Dünyası miqyasında koordinasiyasına xidmət edir və gələcəkdə “rəqəmsal İpək Yolu” ideyasını gerçəkləşdirə bilər. Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı da Zirvə görüşündə xüsusi yer aldı. Prezident Əliyev bu beynəlxalq tədbirin nəticələrini vurğulamaqla Türk dövlətlərini yeni çağırışlara cavab verməyə səslədi: “Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır.” Bu, yalnız iqlim gündəliyi deyil. Bu, Türk Dünyasında enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat və texnoloji transformasiya məsələlərinin mərkəzə çıxarılması deməkdir. Xüsusilə, Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli yaşıl enerji sazişi bu sahədə yeni inteqrasiya mərhələsinin başlanğıcı oldu. Dövlətimizin başçısının dediyi kimi “Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.” Bu model, türk ölkələrinin enerji ixracatçısından “yaşıl enerji transformatorlarına” çevrilməsi üçün real bazadır. Beləliklə artıq Türk həmrəyliyi – sadəcə tarix deyil, gələcəyin platformasıdır. Budapeştdə keçirilən Zirvə görüşü sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq mərasim və simbolik platforma olmaqdan çıxaraq, real siyasi-iqtisadi blok kimi formalaşır. Bu prosesdə Azərbaycanın liderliyi təkcə maliyyə yatırımı və nəqliyyat layihələri ilə deyil, həm də diplomatik çevikliyi, çevik regional siyasəti və qlobal çağırışlara verdiyi adekvat reaksiyalarla təmin olunur. Cənab Prezident İlham Əliyevin liderliyində Azərbaycan artıq “Türk Dünyasında sabitlik və inkişafın əsas sütunu” rolunu qazanmışdır.


Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Chosen
0
49
aia.az

10Sources