EN

Putin və Tramp nədən danışıblar? -DETALLAR AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə bir sıra bəyanatlar verib.

Rusiya liderinin sözlərinə görə, danışıqlar iki saatdan çox davam edib. “Qeyd etmək istəyirəm ki, telefon danışığı çox məzmunlu, olduqca səmimi və mənim fikrimcə, kifayət qədər faydalı oldu”, – deyə o bildirib.

Putin ABŞ-ın Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasına verdiyi dəstəyə görə Donald Trampa təşəkkür edib. “İlk növbədə ABŞ Prezidentinə Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişi ilə bağlı birbaşa danışıqların bərpasına ABŞ tərəfindən göstərilən dəstəyə görə təşəkkür etdim”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Tramp danışıq zamanı döyüş əməliyyatlarının dayandırılması və atəşkəslə bağlı öz mövqeyini ifadə edib, Rusiya da öz növbəsində sülh yolu ilə nizamlanmanın tərəfdarıdır.

O bildirib ki, Moskva Kiyev ilə gələcək sülh sazişi layihəsinin əsasını təşkil edə biləcək memorandum üzərində işləməyi təklif edib. “Rusiya Ukrayna tərəfi ilə mümkün gələcək sülh sazişi ilə bağlı memorandumun işlənib hazırlanması üzrə işləməyi təklif edir və buna hazırdır. Bu sənəddə nizamlama prinsipləri, sazişin mümkün imzalanma vaxtları və müəyyən müddətlik atəşkəs də daxil olmaqla bir sıra mövqelər müəyyən edilə bilər”, – deyə Kremlin rəhbəri bildirib.

Cari dialoq barədə danışan Putin əlavə edib: “İstanbulda görüş və danışıqlarda iştirak edən tərəflər arasında təmaslar bərpa olunub, bu da ümumilikdə düzgün yolda olduğumuzu düşünməyə əsas verir”.

Rusiya Prezidenti Tramp ilə söhbəti konstruktiv hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, Putin-Tramp telefon danışığı kifayət qədər uzun, 2 saat 5 dəqiqə davam edib.

Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Tramp arasında telefon danışığından sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, söhbətin əvvəlində Putin Trampı 11-ci nəvəsinin doğulması münasibətilə təbrik edib, yeni doğulan körpəyə və ABŞ liderinin qızına sağlamlıq arzulayıb.

Uşakov vurğulayıb ki, telefon danışığı açıq və konstruktiv olub, qarşılıqlı hörmət şəraitində keçib:

“Liderlər Rusiya və ABŞ arasında münasibətlərin vəziyyətini müzakirə edib və onların daha da normallaşmasının tərəfdarı olduqlarını bildiriblər. Prezidentlər məhbus mübadiləsini müzakirə ediblər. Məhbusların 9-un 9-a formatında mübadiləsi planlaşdırılır”.

Uşakov qeyd edib ki, Tramp Ukraynada nizamlanmadan sonra Rusiyanı ABŞ-ın əsas ticarət və iqtisadi tərəfdaşlarından biri kimi gördüyünü söyləyib:

“Putin və Tramp Ukrayna da daxil olmaqla bütün məsələlər üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər. Liderlər şəxsi görüşün keçiriləcəyini istisna etmirlər, yer və tarix hələ müəyyənləşməyib”.

Kreml rəsmisi telefon danışığı zamanı Rusiya və Ukrayna arasında atəşkəslə bağlı mümkün razılaşmanın əldə olunmasının müddətindən söhbət getmədiyini söyləyib:

“Ukrayna mövzusu Putin və Tramp tərəfindən çox ətraflı, maraqlı nüanslarla müzakirə edilib. Putin Kiyevin danışıqlar masası arxasına qaytarılmasında Tramp və onun administrasiyasının müsbət rolunu qeyd edib”.

Chosen
0
4
veteninfo.az

10Sources