EN

“Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması...”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, mayın 25-də Həcc ziyarətinə gedənlər yola düşəcəklər. Hər il Azərbaycana ayrılan kvota azaldılır, sənəd qəbulu vaxtı uzadılır, gedənlərin sayı azalır. Sizcə niyə?

- Allah bütün zəvvarlarımızn dualarını qəbul etsin, xalqımıza kömək olsun! Zəvvarların sayının azalması daha çox dindarlarımızın sosial vəziyyəti ilə bağlıdır. İmkanlı dindarların demək olar ki, hamısı Həcc ziyarətinə artıq gediblər. Yeni şəxslərin varlanması, Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması isə xeyli çətinləşib.
Həm də dini maarifçilik artdıqca dindarlar təkrar-təkrar Həcc ziyarətinə getməkdənsə xeyriyyəçiliyə üstünlük verir, həmin vəsaitlə universitetlərdən xaric olunmaq təhlükəsi ilə üzləşmiş 3-4 yoxsul tələbənin təhsil haqqını ödəyirlər, imkansız xəstələrin müalicəsinə yardım edirlər. Özləri isə yerli ziyarətgahlara üz tuturlar.
Qafqaz Müsəlmanları İdarəsi dini maarifçiliklə ciddi məşğul olur, islamda islahatlar aparılmasına öz töhfəsini verir, eyni zamanda Həcc ziyarətini də yüksək səviyyədə təşkil edir. Buna görə Şeyx Həzrətlərinə, idarənin əməkdaşlarına, maarifçi din xadimlərimizə, dini işlərlə məşğul olan dövlət qulluqçularına təşəkkür etməliyik. Zəvvarlarımız Həcc ziyarətinə sağ-salamat gedib-gəlirlər. Onlar arasında yaşlı insanların çoxluq təşkil etməsinə, ziyarət yerlərinin 40-50 dərəcə istidə günəş şüalarından qorunmamasına baxmayaraq, şükürlər olsun ki, ziyarət zamanı zəvvarlarımız arasında dünyasını dəyişənlərin sayı çox məhduddur.

Chosen
0
8
publika.az

10Sources