AZ

“Həcc ziyarəti üçün vəsaitin toplanması xeyli çətinləşib”- Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, mayın 25-də Həcc ziyarətinə gedənlər yola düşəcəklər. Hər il Azərbaycana ayrılan kvota azaldılır, sənəd qəbulu vaxtı uzadılır, gedənlərin sayı azalır. Sizcə niyə?

- Allah bütün zəvvarlarımızn dualarını qəbul etsin, xalqımıza kömək olsun! Zəvvarların sayının azalması daha çox dindarlarımızın sosial vəziyyəti ilə bağlıdır. İmkanlı dindarların demək olar ki, hamısı Həcc ziyarətinə artıq gediblər. Yeni şəxslərin varlanması, Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması isə xeyli çətinləşib.
Həm də dini maarifçilik artdıqca dindarlar təkrar-təkrar Həcc ziyarətinə getməkdənsə xeyriyyəçiliyə üstünlük verir, həmin vəsaitlə universitetlərdən xaric olunmaq təhlükəsi ilə üzləşmiş 3-4 yoxsul tələbənin təhsil haqqını ödəyirlər, imkansız xəstələrin müalicəsinə yardım edirlər. Özləri isə yerli ziyarətgahlara üz tuturlar.
Qafqaz Müsəlmanları İdarəsi dini maarifçiliklə ciddi məşğul olur, islamda islahatlar aparılmasına öz töhfəsini verir, eyni zamanda Həcc ziyarətini də yüksək səviyyədə təşkil edir. Buna görə Şeyx Həzrətlərinə, idarənin əməkdaşlarına, maarifçi din xadimlərimizə, dini işlərlə məşğul olan dövlət qulluqçularına təşəkkür etməliyik. Zəvvarlarımız Həcc ziyarətinə sağ-salamat gedib-gəlirlər. Onlar arasında yaşlı insanların çoxluq təşkil etməsinə, ziyarət yerlərinin 40-50 dərəcə istidə günəş şüalarından qorunmamasına baxmayaraq, şükürlər olsun ki, ziyarət zamanı zəvvarlarımız arasında dünyasını dəyişənlərin sayı çox məhduddur.

- Azərbaycanda dini turizmin inkişafı üçün nələr etmək olar?

- İlk növbədə sərhədlər açılmalıdır. Bundan başqa, Naxçıvanda müqəddəs kitabımız Quranda adı keçən Əshabi-Kəhf adlanan pir var. Bu günlərdə Leyla və Arzu Əliyevalar həmin piri ziyarət etdilər, onun tanıdılması üçün sosial şəbəkələrdə paylaşmalar etdilər. Naxçıvandan mənə dedilər ki, bundan sonra Bakıdan və digər rayonlardan ora ziyarətə gedənlərin sayında əhəmiyyətli artım olub. Quranda Əl-Kəhf (Mağara) surəsinin 21-ci ayəsində Əshabi-Kəhfin adı çəkilir. Həmin ayədə deyilir: “Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-Kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər”.
Hesab edirəm ki, biz, Əshabi-Kəhfdə Məkkədəki Kəbənin-islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik. Səudiiyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın.

Seçilən
0
9
aznews.az

10Mənbələr