EN

Rusiya “Green Admire” neft tankerini saxlayıb

Rusiya Federasiyası mayın 18-də Sillamae limanını tərk edən və Rusiyanın ərazi sularından razılaşdırılmış marşrutla hərəkət edən Liberiya bayraqlı “Green Admire” neft tankerini saxlayıb.

İki sahil” ERR-ə istinadla xəbər verir ki, bu barədə Estoniya Nəqliyyat Departamenti məlumat yayıb.

Qeyd edilib ki, tanker şənbə günü yerli vaxtla saat 18:30 radələrində Sillamae limanını tərk edib və razılaşdırılmış marşrutla Rusiya ərazi suları vasitəsilə Finlandiya körfəzinin şimal hissəsinə gedib, oradan isə müəyyən edilmiş dəniz marşrutlarına əsasən, qərb istiqamətində hərəkətini davam etdirməli idi.

Məlumata görə, Sillamae limanını tərk edərkən gəmilər Rusiya Federasiyasının ərazi sularından keçir, çünki bu marşrut böyük gəmilər üçün Estoniya sularında sahillər arasından keçməkdən daha təhlükəsizdir. Gəmilər üçün bu təhlükəsiz marşrut Rusiya, Estoniya və Finlandiya arasında razılaşdırılıb.

Nəqliyyat Departamentindən ERR-ə bildiriblər ki, əvvəllər belə hal olmayıb. Gələcəkdə oxşar vəziyyətlərin qarşısını almaq üçün Nəqliyyat Şurasının Gəmiçiliyi İdarəetmə Departamenti pilotlarla birlikdə Estoniyanın ərazi suları vasitəsilə Sillamaeyə gələn və gedən gəmilərə rəhbərlik edəcək.

Estoniya xarici işlər naziri Marqus Tsahkna bildirib ki, gələcəkdə gəmilər başqa marşrutla göndəriləcək: "Bugünkü insident göstərir ki, Rusiya gözlənilməz davranmaqda davam edir, ona görə də gələcəkdə gəmilər başqa marşrutla istiqamətləndiriləcək".

"Green Admire neft tankeri Sillamae limanından çıxarkən Rusiya ilə razılaşdırılmış marşrut üzrə onun ərazi suları vasitəsilə hərəkət edib. Naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün seçilən və ciddi şəkildə dövlət sərhədləri boyunca olmayan bu naviqasiya marşrutu Rusiya, Estoniya və Finlandiya arasında qarşılıqlı razılaşma əsasında yaradılıb", deyən nazir əlavə edib ki, hadisə ilə bağlı Estoniya müttəfiqlərini məlumatlandırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
0
ikisahil.az

1Sources