BAKI,12 may. TELEQRAF
Qlobal neft və qaz tələbatı artmaqda davam edəcək. 2050-ci ilə qədər bu enerji resurslarının dünya enerji balansındakı payı yüksələcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak “Energetika siyasəti” jurnalında yazdığı məqaləsində qeyd edib.
O qeyd edib ki, bu resurslara olan tələbat hələ öz zirvəsinə çatmayıb və bu, 2050-ci ildən sonra da baş verə bilər.
"2050-ci ildə dünya enerji balansının ümumi strukturunda əsas yeri neft və qaz sektoru tutacaq. Neftin payı 33,2%, qazın payı isə 26% təşkil edəcək (2023-cü ildə bu göstəricilər müvafiq olaraq 36,9% və 26,1% idi). 2023-cü illə müqayisədə 2050-ci ilə qədər neftə olan tələbat 12% artaraq 102 milyon barrel/gündən 114 milyon barrel/günə, qaza olan tələbat isə 24% artaraq 4,1 trilyon kub metrdən 5,1 trilyon kub metrə çatacaq", – deyə baş nazirin müavini vurğulayıb.
Onun sözlərinə görə, dünyada qaza tələbatın artım dinamikası yalnız bərpaolunan enerjinin inkişaf sürətindən geri qalacaq. Dünya ticarətində əhəmiyyətli rolu məhz çevik logistika imkanlarına görə maye təbii qaz (LNG) oynayacaq.
“2050-ci ildə tikilməsi nəzərdə tutulan LNG zavodlarının ümumi gücü 1 milyard tona çata bilər, bu isə hazırkı göstəricilərlə müqayisədə iki dəfədən çox artım deməkdir. Nəticə etibarilə, dünya LNG bazarında rəqabət daha da artacaq. Dünya qaza və neftə olan tələbatın zirvə nöqtəsinə hələ öatmayıb. Ola bilsin ki, bu məqam 2050-ci ildən sonra baş versin”, – deyə Novak vurğulayıb.
O həmçinin əlavə edib ki, 2050-ci ilədək Rusiya Asiya neft bazarında birinci sıraya yüksələcək:
“Neft tədarükünün iqtisadi səmərəliliyinin artırılması məqsədilə infrastrukturun inkişafı Rusiyaya 2050-ci ilədək Asiya neft bazarında əsas aktora çevrilməyə və sahənin tələbatını donanma ilə təmin etməyə imkan verəcək”, – deyə o qeyd edib.