EN

"Müharibə dayansın deyə kiminsə ayağının altına yıxılmağa hazır idim" - Simonyan

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Deep Talks” proqramında 10 noyabr 2020-ci il hadisələrindən danışıb.

Musavat.com xəbər verir ki, o, həmin gün Rusiyada olduğunu və müharibənin dayandırılması üçün kiminsə ayaqlarına düşməyə hazır olduğunu bildirib:

“10 noyabrda mən cəhənnəmdə idim və deyirdim ki, müharibə dayansın deyə, kiminsə ayaqlarına düşməliyəm”.

Simonyan 8 noyabrda Rusiyada hoteldə olduğunu və müzakirə olunan bir mətnin hazırlandığını öyrəndiyini qeyd edib:

“Həmin gecə telefonumu açdım və baxdım. Sonra Araratın öldürüldüyü barədə şayiələr eşitdim (həmin vaxt parlamentin spikeri idi, hazırda Ermənistanın xarici işlər naziridir – red.). Daha sonra dostlarımdan biri mənə zəng vurdu və dedi: “Hoteldən çıx, ora təhlükəlidir, sənə maşın göndərəcəyəm””.

Lakin Simonyan hoteli tərk etməkdən imtina etdiyini vurğulayıb. Onun sözlərinə görə, Moskvada dostları ona gözlənilməz hücum ehtimalına qarşı silah veriblər.

Alen Simonyan 12 noyabrda Ermənistana geri döndüyünü bildirib.

“Biz ölkəni itirə bilərdik, biz cəhənnəmdə idik”, - deyə Ermənistan parlamentinin spikeri vurğulayıb.

Xatırladaq ki, 10 noyabr bəyanatının imzalanmasından sonra İrəvanda kütləvi etiraz aksiyaları baş verib. Parlamentə basqın edən etirazçılar o vaxtkı spiker Ararat Mirzoyanı döyüblər. Paytaxtdakı gərginlik səhər saatlarında təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə sakitləşdirilib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
0
musavat.com

1Sources