EN

Vitor Pereyra - Premyer Liqada aprelin ən yaxşı məşqçisi!

“Vulverhempton”un 56 yaşlı portuqal çalışdırıcısı Vitor Pereyra İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Poruqal mütəxəssisin rəhbərliyi altında ingilis “canavarlar” aprel ayında beş qələbə qazanıblar. “Vulverhempton” “Vest Hem”i (1:0), “İpsviç Taun”u (2:1), “Tottenhem”i (4:2), “Mançester Yunayted”i (1:0) və “Lester Siti”ni (3:0) məğlub edib.

Vitor Pereyra mükafat uğrunda səsvermədə Unai Emerini (“Aston Villa”), Xosep Qvardiolanı (“Mançester Siti”), Eddi Haunu (“Nyukasl”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.

Əlavə edək ki, bu, Pereyranın ilk müvafiq təltifidir.

Premyer Liqanın cari mövsümündə ən yaxşı seçilmiş bütün məşqçilərin siyahısı isə belədir:

Avqust 2024 – Fabian Hürtseler (“Brayton”)
Sentyabr 2024 – Entso Mareska (“Çelsi”)
Oktyabr 2024 – Nuno Espirito Santo (“Nottingem Forest”)
Noyabr 2024 – Arne Slot (“Liverpul”)
Dekabr 2024 – Nuno Espirito Santo (“Nottingem Forest”)
Yanvar 2025 – Andoni İraola (“Bornmut”)
Fevral 2025 – Devid Moyes (“Everton”)
Mart 2025 – Nuno Espirito Santo (“Nottingem Forest”)

35 oyundan 41 xalla “Vulverhempton” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, Vitor Pereyra 2024-cü ilin dekabrında “Vulverhempton”un baş məşqçisi təyin olunub. 56 yaşlı mütəxəssisin bu klubla 1,5 illik müqaviləsi var. O, İngiltərə klubundan aldığı təklifə görə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şabab”dan ayrılıb.

Vitor Pereyra daha öncə “Flamenqo”, “Korintians”, “Fənərbağça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo”, “Sanxoanense” kimi komandaları da çalışdırıb.

Chosen
0
arena.az

1Sources