EN

Heydər Əliyev FENOMENİ: Adını tarixə qızıl hərflərlə yazdırmış LİDER

Ümummilli lider Heydər Əliyevi gah Şarl de Qolla, gah Bismarkla, gah da Corc Vaşinqtonla müqayisə edirlər. Bütün müqayisələr kimi bu bənzətmə də doğru deyil, natamamdır. Çünki adlarını çəkdiyimiz liderlər yalnız öz xalqlarının və dövlətlərinin ayaqda qalmasına töhfə veriblər.

Dahi öndər Azərbaycanı dağılıb məhv olmaqdan, vətəndaş müharibəsindən xilas edib. Ümumilli Lider qüdrətli Azərbaycanın əsasını qoyub. Bununla yanaşı, Heydər Əliyev bütövlükdə sivilizasiyanın tərəqqisinə və insanlığa xidmət edən bir şəxsiyyət kimi adını tarixə qızıl hərflərlə yazdırıb.

Heydər Əliyev sivilizasiyaya verdiyi töhfələr

Məhz Heydər Əliyev şəxsiyyəti, Ümumilli liderin qətiyyəti sayəsində dünya bir sıra qlobal problemlərdən qurtulub. Məsələn, ABŞ diplomatiyasının ən böyük siması Henri Alfred Kissincerin Heydər Əliyevlə bağlı fikirləri bu mənada xüsusilə diqqət çəkir. O deyirdi ki, dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilərin olması nadir bir hadisədir:

“Biz Heydər Əliyevlə eyni ildə, 1923-də anadan olmuşuq. Səmimi etiraf etməliyəm ki, Sovetlər Birliyi rəhbərliyində demokratik baxışlarına görə ən düzgün mövqədə duran məhz Heydər Əliyev idi. Sovet hakimiyyətinin ən strateji və geosiyasi məsələlərinin həllində Heydər Əliyev əvəzedilməz bir siyasətçi idi”.

Bu fikirlər bir daha onu sübut edir ki, Heydər Əliyevin SSRİ-nin siyasi elitasında təmsil olunan illərdə “soyuq müharibə”  xeyli səngiyib. Hətta Qərbin əksər dövlətləri ilə sosial-iqtisadi və mədəni əlaqələr dərinləşib. Təbii ki, bu da SSRİ-nin o zamankı lideri Mixail Qorbaçovu məmnun edə bilməzdi. Təsadüfi deyil ki, Qorbaçovun hakimiyyətə gəldiyi ilk illərdə əsas hədəfi Heydər Əliyev şəxsiyyətini “zərərsizləşdirmək” idi.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Rusiyalı politoloq İqor Korotçenko deyir ki, Qorbaçov öz lider keyfiyyətlərinə görə hər zaman Heydər Əliyevin kölgəsində qalırdı:
 

“Ona görə də Qorbaçov Heydər Əliyevin siyasi olimpdən uzaqlaşdırılması üçün hər yola əl atdı. Beləcə, Heydər Əliyev SSRİ rəhbərliyindən getməli oldu”.


1987-ci ilin payızında  Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvlüyündən istefa verdi.

Bundan sonra, bir müddət dahi öndər siyasi proseslərdən kənarda qaldı. Nəhayət 1990-cı ilin yanvar ayının 21-də Heydər Əliyev yenidən siyasət arenasında aktiv fəaliyyətə geri döndü. Bakıda törədilən qırğınlarla bağlı həqiqətləri bütün dünyaya çatdıran Heydər Əliyev həm də Qorbaçov hakimiyyətinin əsl simasını ifşa etdi. Əslində bu tarixi çıxış SSRİ-nin dağılması üçün də bir siqnal oldu.

Məhz Heydər Əliyevin sayəsində bütün dünya SSRİ-dəki mənfur idarəçilik və bu idarəçiliyin yerli xalqlara hansı əzab və işgəncələr verdiyini öyrəndi. Məhz o tarixdən başlayaraq sivilizasiya mənfur bolşevik idarəçiliyi barədə əsl həqiqətləri öyrəndi.

Heydər Əliyev 1990-cı ildə bütün təxribatlara və təzyiqlərə sinə gərərək Naxçıvana gəldi. Cəmi bir il sonra Naxçıvanın Ali  Məclisində bugünkü müstəqil Azərbaycanın üç rəngli bayrağı qaldırıldı. Halbuki o zaman hələ SSRİ adlı nəhəng bir imperiya mövcud idi və bütün dünyaya meydan oxuyurdu.

Beləliklə, dahi öndərin həm Moskvadakı məlum çıxışı, həm də Naxçıvandakı siyasi fəaliyyəti şər imperiyası olan SSRİ-nin dağılmasında önəmli rol oynadı.

Beləcə bu imperiyanın tərkibində olan 15 respublika öz müstəqilliyini elan etdi, onlarla dünya dövləti bolşevizm xəstəliyindən qurtuldu.

Heydər Əliyevin sivilizasiya qarşısında ən böyük xidmətlərindən biri məhz bu idi...

Təsadüfi deyil ki, ABŞ-ın keçmiş prezidenti Corc Buş deyirdi ki, Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində əsas şəxsiyyət kimi çıxış edib:

“Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşıyıb. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olublar.

Azərbaycan xalqının əsl xoşbəxtliyi ondan ibarətdir ki, xalqın, dövlətin ən çətin, böhranlı vaxtında görkəmli siyasətçi, böyük şəxsiyyət cənab Heydər Əliyev məsuliyyəti öz üzərinə götürmüşdü".

Türk dünyasının inteqrasiyasında Ulu Öndərin rolu

Dahi öndər Naxçıvana gələndən ilk hədəf Türkiyə ilə əlaqələr yaratmaq və 70 il ayrı düşmüş iki qardaş xalqı birləşdirmək idi. Bu isə o qədər də uzun çəkmədi. 1992-ci ilin may ayının 28-də Naxçıvanla Türkiyəni birləşdirən “Ümid körpüsü”nün təntənəli açılışı oldu. Bu körpü təkcə iki qardaş ölkənin yox, həm də gələcəkdə bütün Türk dünyasını birləşdirəcək bir körpü idi.

Nəzərə alaq ki, Heydər Əliyev hələ sovet hakimiyyəti illərində Qazaxıstanda və Özbəkistanda baş verən gərgin hərbi-siyasi hadisələr zamanı Siyasi Büro səviyyəsində qazax və özbək xalqlarının mənafelərini qətiyyətlə müdafiə edirdi. Onun ortaq türk köklərinə bəslədiyi yüksək münasibəti biz müstəqillik illərində də dəfələrlə gördük, şahidlik etdik.

Heydər Əliyevin türk xalqlarına münasibəti siyasi-iqtisadi hadisələrindən ortaq folklor abidələrinə qədər geniş coğrafiyanı, mühüm sahələri əhatə edirdi. Türk dünyasının ortaq dəyərlərinə xüsusi ehtiram bəsləyən dahi şəxsiyyətin “Kitabi-Dədə Qorqud”, “Manas”, “Koroğlu” kimi folklor abidələrinə xüsusi ehtiramla yanaşması bunun sübutudur.

“Qədim İpək Yolu”nun bərpası istiqamətində Heydər Əliyevin təşəbbüsləri Türkiyədən başlayaraq Orta Asiyanın Türk dövlətlərini bir arada tutmaq istəyi ilə bağlı idi.

Heydər Əliyev BAM layihəsini necə reallığa çevirdi?

Ümummilli lider Heydər Əliyev müasir Rusiyanın iqtisadi cəhətdən ayaqda qalmasında xüsusi paya sahib bir şəxsiyyətdir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Heydər Əliyevin böyük dövlət xadimi olduğunu bildirib:

“Mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim".

Putinin bu minnətdarlıq fikirləri təsadüfi deyil. Heydər Əliyev SSRİ-nin siyasi elitasında təmsil olunarkən digər müttəfiq respublikalar kimi Rusiyanın dirçəlişi üçün də çox böyük əmək sərf edib. Belə nəhəng layihələrdən biri də Baykal-Amur Magistralının tikintisinin dahi öndər tərəfində uğurla başa çatdırılmasıdır.
 

Nəzərə alaq ki, Rusiyanın siyasi-iqtisadi mərkəzini Uzaq Şərqlə bağlayacaq dəmir yolu layihəsi 150 ildən artıq müddət ərzində bir xəyal olaraq qalırdı. Ancaq Heydər Əliyevin qətiyyəti sayəsində uzun illər tikintisi yarımçıq qalan bu nəhəng layihə cəmi iki il ərzində tikilib 1984-cü ildə istifadəyə verildi.


Rusiya Prezidentinin köməkçisi İqor Levitin qeyd edib ki, Heydər Əliyevlə ilk görüşü məhz BAM-ın şərq hissəsində olub:

“SSRİ-nin siyasi hakimiyyətində Heydər Əliyev əsas simalardan biri idi. Vaxtilə  quruculuğa hökumətdə və Siyasi Büroda Heydər Əliyev cavabdeh idi. Məhz onun iradəsi hesabına SSRİ-nin son dönəmində bir sıra nəhəng layihələr icra olundu. Baxmayaraq ki, çətin idi, problemlər var idi. Lakin onun strateji düşüncəsi sayəsində bir çox layihələr tamamlandı”.

Heydər Əliyev Ukraynanın genefondunu xilas etdi

1996-cı il aprel ayının 26-da Ukraynadakı Çernobıl AES-də dəhşətli qəza baş verdi.  Həmin dövrdə Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini idi. O zamankı SSRİ rəhbərliyi bu dəhşətli qəzanı və onun ağır nəticələrini bütün dünyadan gizlətməyə çalışırdı. Ən pisi də o idi ki, Ukrayna və Moskvadakı mərkəzi hakimiyyət belə vəziyyətdə nə edəcəyini bilmirdi.

Məhz belə ağır bir vəziyyətdə Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürdü. Qəzanın nəticələrinin lokallaşdırılması üçün bütün zəruri addımlar atıldı. Ən əsas bölgədəki günahsız insanlar, xüsusən də uşaqlar təhlükəli zonadan çıxarıldı. Halbuki siyasi rəhbərlikdəki bir çox populistlər deyirdilər ki, qəza baş vermiş ərazidəki insanlarla bütün əlaqə kəsilməli, onlar dünyadan təcrid edilməlidir. Bu isə təkcə Ukraynanın genefondu üçün çox ağır bir qərar idi.
 

Lakin Heydər Əliyev insanlığa yad olan bu tip çağırışları rədd edərək SSRİ-nin yerüstü və hava nəqliyyatını qəza bölgəsinə səfərbər etdi. Nəticədə yüz minlərlə insan dəhşətli ölümün pəncəsindən qurtuldu. Eyni zamanda, qəzanın ətraf mühitə və ölkə iqtisadiyyatına vura biləcəyi zərərlər böyük ölçüdə azaldıldı.


Məhz bu səbəbdən Ukrayna xalqı Heydər Əliyevi ehtiramla, hörmətlə xatırlayırlar. Ukraynanın sabiq prezidenti Leonid Kuçma haqlı olaraq Ulu Öndəri Ukrayna xalqının böyük dostu hesab edirdi

"Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Bizim dostluq münasibətlərimiz onun sayəsində inkişaf edib, möhkəmlənib. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Heydər Əliyevin böyüklüyü hələ bundan sonra daha dərindən dərk ediləcək".

Heydər Əliyev Gürcüstanı da ağır vəziyyətdən xilas edib...

Müstəqilliyin ilk illərində keçmiş SSRİ-nin bir çox ölkələr kimi Gürcüstan da ağır sınaqlardan keçib. İqtisadi əsasları zəif olan Gürcüstanda etnik azlıqların müstəqillik arzuları bu ölkəni məhv olmaq səviyyəsinə çatdırmışdı. Artıq 1993-cü ildə Gürcüstan faktiki olaraq vətəndaş müharibəsi yaşayırdı və parçalanmaq qorxusu ilə üz-üzə qalmışdı. Məhz belə ağır günlərdə Azərbaycan Ümummilli liderin təşəbbüsü ilə Gürcüstana dost  əli uzatdı. Sonrakı illərdə isə Azərbaycanın moderatoru olduğu Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi- Ərzurum və Bakı-Tbilisi- Ceyhan nəqliyyat dəhlizləri sayəsində Gürcüstan iqtisadi dirçəliş yoluna qədəm qoydu.

Ona görə də Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze Heydər Əliyevi həm də Qafqazın xilaskarı adlandırırdı:

"Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək. Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır”.

Göründüyü kimi, Ulu Öndər təkcə müasir Azərbaycanın memarı və qurucusu deyil. Heydər Əliyev həm də sivilizasiyanın və bir sıra dövlətlərin tarixində böyük rol oynamış böyük şəxsiyyətdir.

Surxay Atakişiyev, Bizim.Media

 

 

Chosen
0
bizim.media

1Sources