Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının yaratdığı silahlı qüvvələr Təl-Əvivdə yerləşən Ben Qurion hava limanına hipersəsli ballistik raketlə hücum etdiklərini bildiriblər.
Musavat.com xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.
“Raket qüvvələri hərbi əməliyyat keçirərək Lod hava limanına hipersəsli ballistik raketlə zərbə endirib”, – deyə Sariyanın bəyanatı “Al Masirah” telekanalı vasitəsilə yayımlanıb.
Sariyanın sözlərinə görə, raket hədəfə uğurla çatıb və İsrailin hava hücumundan müdafiə sistemləri onun qarşısını ala bilməyib. O, əlavə edib ki, Ben Qurion hava limanının fəaliyyəti təxminən bir saat müddətinə dayandırılıb.
Husilərin silahlı qüvvələrinin nümayəndəsi həmçinin bildirib ki, Yəmən üsyançılarının tərəfdarları Təl-Əviv bölgəsində İsrailə məxsus mühüm hədəfi pilotsuz uçuş aparatı ilə də vurublar.
Qeyd edək ki, cümə günü İsrail Müdafiə Ordusunun mətbuat xidməti bəzi bölgələrdə Yəmən ərazisindən atılan raket səbəbilə hava həyəcan siqnallarının işə düşdüyünü açıqlayıb. Daha sonra İsrail ordusu raketin ələ keçirildiyini bəyan edib.
Musavat.com