Bakı, 9 may, AZƏRTAC
Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin simasına çevrilməsi nadir hadisədir. Yaxın tariximizdə belə zirvəyə yüksələn məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.
AZƏRTAC Milli Məclisin deputat Fəzail İbrahimlinin Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar qələmə aldığı məqaləni təqdim edir.
Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq, Azərbaycan xalqının öndəri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz rəhbər Heydər Əliyevi xatırlayırıq. Böyük Çin filosofu Konfutsi deyirdi ki, minlərlə kilometrlik bir yol da kiçik bir addımla başlayır. 102 il bundan öncə ulu Naxçıvan torpağında həyata ilk qədəmlərini atan Ulu Öndər özünün bioqrafiyasından danışarkən bu barədə deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə, bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır...”.
Heç şübhəsiz bu gün xalq olaraq əldə etdiyimiz zəfər və uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası isə bizim milli kimliyimizdir. Millət olaraq qarşılaşdığımız ən böyük sınaq göstərdi ki, milli kimlik bütün dəyərlərdən, hətta dini kimlikdən öndə gəlir və bu, ən uğurlu modeldir. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, mənəvi irsi gələcək nəsillərə miras qoyduğu misilsiz sərvət, əvəzsiz nümunədir. Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərib. Bu fəaliyyət Azərbaycanın bir dövlət kimi mövcudluğunun, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edib. Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaq. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda , iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü yaşanmışdır. Məhz bu illərdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atılmış, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradılmışdır.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin başladığı işlərin onun siyasi varisi - ölkə başçısı tərəfindən uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir. Azadlığı, müstəqilliyi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifəsini yazmaqdadır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən qurtardı. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, xalqımıza Qələbə sevincini yaşatdı. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Ulu Öndər bu gün cismən aramızda olmasa da, onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Tam əminliklə deyə bilərik ki, bu gün məhz Heydər Əliyev idarəetməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, suverenlik təmin olunub. Böyük və qüdrətli Azərbaycana doğru gedən yol Heydər Əliyevin Azərbaycançılıq ideologiyasından keçir. Hər bir vətəndaşımız bu ideologiya ətrafında sıx birləşməli və bu uğurlu addımların daha sürətli olması üçün çalışmalıdır.