AZ

Azərbaycan futbolunun tez parlayıb sönən "ulduz"ları

Azərbaycan Premyer Liqasının 33-cü turu maraqlı hadisə ilə yadda qaldı: artıq çempionluğu təmin etmiş "Qarabağ"ın heyətində 15 yaş 204 günlük Amin Rzayev debüt etdi. Bu, son 12 mövsümün rekord göstəricisidir. O, 16 yaşı tamam olmadan Premyer Liqada oynayan son 15 mövsümdəki altıncı futbolçudur. Rzayevdən daha gənc yaşda yalnız Budaq Nəsirov və Anar Həsənov debüt edib. Digər adlar - Orxan Əliyev, Elnur Cəfərov və Səbuhi Abdullazadə də vaxtilə "çox ümidverici" sayılırdılar. Bəs onların taleyi necə oldu? Yazıda bu suala cavab axtaracaq, Amin üçün nəyin düzgün, nəyin yanlış "yol xəritəsi" ola biləcəyinə nəzər salacağıq.

Publika.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

60 milyonluq Budaq

Rekordçu Budaq Nəsirov 2011/12 mövsümündə, 15 yaş 128 günündə "Turan"ın heyətində debüt etdi. Daha sonra, o, özünü "Kəpəz"də göstərdi. Budaq 2016-cı ildə Portuqaliyanın "Sportinq" klubu ilə müqavilə bağladı. "Ulduz ovçusu" kimi tanınan Lissabon klubu onun potensialına o qədər inanırdı ki, gənc futbolçuya 60 milyon avroluq təzminat məbləği təyin edilmişdi. "Sportinq"in B komandasında başlanğıc yaxşı olsa da, Budaq sonradan formadan düşdü. İkinci ilində demək olar ki, şans qazanmayan yarımmüdafiəçi, icarə ilə "Zirə"yə gəldi, ardınca yenidən Pireney yarımadasına qayıtdı və tezliklə demək olar ki, futbol dünyasından silindi. Hətta bir müddət onun Türkiyədə xidmət sahəsində çalışdığı belə iddia olunurdu. "Turan Tovuz" 2023-cü ildə Nəsirova ikinci şansı verdi, lakin intizamsızlıq səbəbindən bundan da yararlana bilmədi. Qısamüddətli "Karvan" karyerasının ardınca Budaq yenidən "yoxa çıxıb".

Siyahının ikinci adı Anar Həsənov 15 yaş 202 günündə "Rəvan"da debüt etsə də, karyerası uğurlu alınmadı.

Əldən verilən fürsət

2011-ci ildə "Sumqayıt"da debüt edən Orxan Əliyev uğurlu çıxışı ilə diqqət çəkməyi bacarmışdı. Bir il sonra artıq Portuqaliyanın köklü klublarından "Portu"nun diqqətini çəkən gənc oyunçu komandanın baxışına dəvət aldı. Klub onu əvəzedici heyətə götürmək istəsə də, Orxanın planları başqa idi. O, yalnız əsas komandada oynamaq istədiyi üçün bu transfer baş tutmadı. Sonradan "Xəzər Lənkəran"dan tutmuş "Araz-Naxçıvan"a qədər bir çox komandalarda oynasa da, heç cür arzuladığı zirvəyə çata bilmədi. Hazırda 29 yaşında olan hücumçu "Turan Tovuz"un formasını geyinir. Bir o qədər də şans qazanmayan forvard yenicə I Liqaya yüksələn "Şəfa" klubunun transfer hədəfidir. Güman ki, növbəti mövsümü məhz Bakı klubunda keçirəcək.

Seçilən
0
publika.az

1Mənbələr