"Əlbəttə, çox sevincliyəm. "Qarabağ"sevərləri təbrik edirəm. 12-ci çempionluğu qazandıq. Bu, böyük uğurdur. Daha 3 dəfə də əldə edərək, 3 ulduzu qazanmaq istəyirik".
Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın mükafatlandırma mərasimindən sonra deyib.
Klub rəhbəri möhtəşəm bayram sevinci yaşadıqlarını bildirib: "Klubumuzu təbrik edirəm, burada çox gözəl ab-hava yaratdılar. Gənclər və İdman Nazirliyimiz bu led işıqları bizə verdi. Sağ olsunlar. Möhtəşəm bayram yaşadıq, hava da çox gözəl idi. Məncə, "Qarabağ"sevərləri, Azərbaycanı sevindirdik".
T.Gözəl artıq Avropada yolumuza davam edəcəklərini və hədəflərinin dəyişməyəcəyini vurğulayıb: "Gələn il komanda sayı daha da artacaq. Məncə, futbolun keyfiyyəti ildən-ilə düzəlir, yüksəlir. Çempionlar Liqasına gəlincə, UEFA-nın verəcəyi qərardan asılı olaraq, mübarizəyə ya I, ya da II təsnifat mərhələsindən başlayacağıq. Bura gəlməyimizin özü də "Qarabağ"ın səviyyə göstəricisidir. "Qarabağ" 32000 xalla Avropanın orta səviyyəli klubları sırasındadır. Bu, hamımız üçün böyük qürur qaynağıdır. Əlbəttə, daha da inkişaf etməyə çalışacağıq".