Xəbər verdiyimiz kimi, dünən Rusiya və Ukrayna arasında davam edən münaqişənin həllinə yönəlmiş yeni danışıqlar üçün İstanbulda rəsmi görüş keçirildi. Bu görüş mayın 5-də Türkiyə prezidenti və ABŞ prezidenti Trampın telefon danışığı zamanı təyin edilmişdi. Təşəbbüs Trampdan gəlmişdi. O, Ərdoğandan xahiş etmişdi ki, bu formatı bərpa eləsin. Təəssüf ki, həmin görüşə Rusiya prezidenti gəlmədi, amma Zelenski gəldi.
Bəs Putin niyə görüşə gəlmədi?
Məsələ ilə bağlı Milli.Az-a politoloq Yusif Bağırzadə açıqlama verib:
"Bu görüşdə sülhdən söhbət gedə bilməz. Burda sülh danışıqları müzakirə edilə bilər, hərbi əsirlərin bir-biri ilə dəyişdirilməsi, 30 gün müddətin atəşkəs rejiminin müəyyən edilməsi danışıla bilər. Həmin ərəfədə Braziliya prezidenti də Moskvada idi. Çin və Ukranya dövlətinin xahişi ilə o, Putindən İstanbul formatında iştirak etməyi xahiş edib. Putin isə Braziliya prezidentini vaxt azlığından qəbul edə bilməyib. Putinin mənfi cavabından bəlli olur ki, burda sülhdən söhbət gedə bilməz".
Politoloq həmçinin qeyd edib ki, burda Trampla Putinin Türkiyəyə gəlmə ehtimalı da ola bilər. Amma bu barədə dəqiq proqnoz vermək mümkün deyil.
Xatırladaq ki, Türkiyə isə bu illər ərzində hər iki tərəf arasında dialoq qurmaq üçün davamlı səylər göstərib. 2022-ci ildə İstanbulda keçirilmiş müzakirələr və sonradan əldə edilən "Qara Dəniz Taxıl Təşəbbüsü" razılaşması beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdu.
Son olaraq, Rusiya Prezidenti Vladimir Putin 11 may tarixində danışıqların ön şərtsiz bərpası üçün 15 mayı təklif edərək, Türkiyədən ev sahibliyi etməsini istəmiş, Ukrayna tərəfi isə bu təşəbbüsə dəstək vermişdi.
Aysel Əkbər
Milli.Az