Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Rusiyanı Azərbaycanla danışıqlarda vasitəçi hesab edib-etmədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, jurnalistlərlə söhbətində müvafiq sualı cavablandıran məmur Rusiyanın çoxdan vasitəçi rolunu oynadığını bildirib. Daha sonra o əlavə edib ki, İrəvan hazırda Bakı ilə ikitərəfli formatda danışıqlar aparır. Bu danışıqların hələ də sənədin imzalanmasına gətirib çıxarmaması ilə bağlı iradlara cavab olaraq, Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, İrəvan və Bakı ikitərəfli formatda sülh müqaviləsinin mətnini razılaşdıra biliblər.
Qriqoryanın sözlərinə görə, Ermənistan danışıqlarda tək deyil; ikinci tərəf də var - Azərbaycan və bu ölkə də Rusiyanın vasitəçiliyinə razı olmalıdır.
Təhlükəsizlik Şurasının katibi "Rusiya kimin tərəfində olacaq?” sualına belə cavab verib: “Bu suala cavabınız olan kimi bunu müzakirə edəcəyik".
Rusiya dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib ki, o, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək məqsədi ilə tərəflərin tələb etdiyi həcmdə və formada bütün lazımi yardımı göstərməyə hazırdır.