Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb. Artıq əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatıb. Siyahının yaxın günlərdə Prezident İlham Əliyevə təqdim olunacağı bildirilir. Sözsüz ki, əfv etmək dövlət başçısının səlahiyyətinə daxildir. Amma bununla belə əfv siyahısının geniş olacağı və bir çox tanınmış şəxslərin azadlığa buraxılacağı ilə bağlı fikirlər səslənir.
Hurriyyet.az xəbər verir ki, Əfv Komissiyasının üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Teleqraf-a açıqlamasında əfv siyahısında olan adlarla bağlı konkret fikir bildirməyin çətin olduğunu söyləyib.
“Bizim tərəfimizdən hansısa şəkildə konkret adlar müzakirə olunmayıb. Bizə təqdim olunan siyahı üzrə müzakirələr aparılıb. Burada da müvafiq qərarlar verilib. Yəqin ki, əfv sərəncamı qəbul edildikdə onun nəticələri də hər kəsə aydın olacaq. Ona görə də konkret şəxslərlə bağlı danışa bilmərəm. Amma bütövlükdə biz öz vəzifəmizi yerinə yetirmişik və çox demokratik, açıq bir ortamda məsələlər müzakirə edilib, qərar qəbul olunub”, - deyib.
Fazil Mustafa bildirib ki, bundan sonra qalan məsələlər artıq ölkə Prezidentinin səlahiyyətlərinə aid olan məsələlərdir:
“Başqa şəxslərin də əfv olunması ölkə başçısının müstəsna səlahiyyətindədir. Əfv Komissiyası bu məsələyə baxdı-baxmadı bu, əsas götürülmür. Komissiya sadəcə, tövsiyyəedici xarakterli təkliflərini ölkə Prezidentinə təqdim edir”.
Hüququ müdafiəçisi Novella Cəfəroğlu da əfvlə bağlı gözləntilərin böyük olduğunu bildirib.
Onun fikrincə, bu gün cəmiyyətdə adları daha çox hallanan insanlarla yanaşı, cəzasının yarıdan çoxunu çəkmiş, insanların da əfv edilməsi gözlənilir:
“Meyxanaçı Rəşad Dağlının, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun, sabiq deputat Hüseyn Abdullayevin əfvi ilə bağlı məsələlər də gündəmə gətirilir. Biz hüquq müdafiəçisiyik, istərdik ki, həbsdə olan hamı azad olunsun, biz də işsiz qalaq və başqa sahələrlə məşğul olaq. Amma bu gün əfv olunması mümkün olan şəxslər çoxdur. Yaşı 70-i ötmüş, cəzasının yarıdan çoxunu çəkmiş, hətta ömürlük cəza verilmiş və 20 ildən artıqdır cəza çəkən şəxslərin, səhhətində problem olan insanların da azadlığa qovuşması sevindirici hal olardı”.
Novella Cəfəroğlu deyib ki, onlar hüquq müdafiəçisi kimi təkcə tanınmış insanların və başqa motivlərlə həbs edilənlərin azad olunması ilə bağlı müraciət etməyiblər:
“Canilərdən başqa digər şəxslərin azad olunması sevindici olardı. Bu cəmiyyətimiz üçün də impuls sayılır. Elə gənclərimiz var idi ki, həbs ediləndə onların 17 yaşı var idi. Biz o şəxslərin də azad edilməsini xahiş etmişik”.
Qeyd edək ki, bu il Əfv Komissiyanın 7 toplantısı keçirilib, 800-dən artıq müraciətə baxılıb.
Xatırladaq ki, Komissiyanın iclasları, adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.