Azərbaycanın əməkdar artisti Səidə Şərifəliyeva Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Dünyanın Musiqisi” adlı beynəlxalq festivalda ölkəni təmsil edib.
Bu barədə Operativ Media-ya Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Məlumata görə, Türkmənistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Türkmənistandakı Səfirliyinin dəstəyi ilə ölkəmizin də təmsil olunduğu bu nüfuzlu tədbir klassik musiqi sahəsində müxtəlif milli musiqi məktəblərini əhatə edən ifaçılar arasında yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və klassik musiqi sənətinin təbliği məqsədini daşıyıb.
Tədbirdə opera ifaçıları, klassik musiqi alətlərinin ifaçıları, həmçinin trio, kvartet və kvintetlərdən ibarət musiqi kollektivləri iştirak ediblər.
Azərbaycanı layiqincə təmsil edən Səidə Şərifəliyevanın ifaları tədbir iştirakçıları və təşkilatçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Onun ifasında səsləndirilən klassik musiqi nümunələri Azərbaycanın zəngin mədəniyyətini və musiqi ənənələrini nümayiş etdirərək, ölkənin incəsənət sahəsindəki yüksək potensialını bir daha ortaya qoyub.
İfaçının, həmçinin Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə və bütün dünyada doğumunun 140 illiyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən təqdim etdiyi nümunələr tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Əməkdar artist Səidə Şərifəliyevanın ifasında səsləndirilən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” və Türkmənistanın məşhur vokalisti Mənsur Şərifovla birgə ifa etdiyi “Əsgərlə Gülçöhrənin” dueti xüsusi olaraq rəğbətlə qarşılanıb.
Konserti izləyən Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi və onların ailə üzvləri tədbirin sonunda Səidə Şərifəliyeva ilə görüşüb, ona gül dəstələri təqdim ediblər.