Tanınmış şair və jurnalist Mənsur Ələkbərov vəfat edib.
Sfera.az xəbər verir ki, o, bu gün 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ələkbərov Mənsur Abbas oğlu 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu Kərkibaş kəndində davam etdirərək 1981-ci ildə həmin məktəbi bitirib.
1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.
1993-cü ildə həmin fakültəni Poliqrafiya ixtisası üzrə başa vurub. Onlarca elmi-metodiki tövsiyələrin müəllifi olub, bir sıra bibloqrafik göstəricilərə redaktorluq etmişdir. Onun həmçinin yerlərdə kitabxana işinin təşkili və xidmət işinin həyata keçirilməsində əməyi olub.
1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi. Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq edib.