Korrupsiya dayanıqlı inkişafın bütün komponentlərinə təhdid yaradır.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının açılışında bildirib.
O xatırladıb ki, 2030-cu ilə qədər olan gündəliyin həyata keçirilməsi və bütün dünyada dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafın təmin edilməsi üçün beş ildən az vaxt qalıb.
"İstər yoxsulluğun aradan qaldırılması, istər bərabərsizliyin azaldılması, istərsə də planetimizin qorunması olsun - korrupsiya dayanıqlı inkişafın bütün komponentlərinə təhdid yaradır. Bu, iqtisadiyyatı deformasiya edir və ən həssas əhali qruplarına təsir göstərir. Bizə həqiqətən də nəzarəti, hesabatlılığı, şəffaflığı gücləndirmək və konvensiyada nəzərdə tutulmuş korrupsiyaya qarşı mübarizənin mövcud qlobal alətlərindən istifadə etmək üçün geniş tərəfdaşlıq lazımdır", - o qeyd edib.
V.Andreyeva vurğulayıb ki, Azərbaycan "GlobE" şəbəkəsinin fəal iştirakçısıdır: “Bu da korrupsiyaya qarşı birgə mübarizə üçün vacib addımdır. Azərbaycanın bundan sonra da korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində fəal iştirak edəcəyinə ümidvaram”.