Bakı Dövlət Universitetinin (BDU) rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova Qırğız Respublikasının Bişkek şəhərində ezamiyyətdə olub. Səfər çərçivəsində Qırğızıstanın bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rəhbərliyi ilə görüşlər keçirilib, universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, ezamiyyətin məqsədi ali təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq, rəqəmsallaşma və avtomatlaşdırma sahəsində təcrübə mübadiləsi, beynəlxalq reytinqlərdə iştirakla bağlı fikir mübadiləsi, ikili diplom proqramları və tələbə-müəllim mübadiləsi imkanlarının araşdırılmasıdır.
Görüşlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Yuliya Sivaldayeva da iştirak edib. Səfər zamanı Qırğızıstanın Beynəlxalq İnnovasiya Texnologiyaları Universiteti, İ.Arabaev adına Qırğız Dövlət Universiteti, K.Skryabin adına Qırğız Milli Aqrar Universiteti, İ.K.Axunbaev adına Qırğız Dövlət Tibb Akademiyası, Qırğız-Türk “Manas” Universiteti, J.Balasagin adına Qırğız Milli Universiteti, İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti və K.Karasaev adına Bişkek Dövlət Universitetində rəsmi görüşlər keçirilib.
Tərəflər rəqəmsal transformasiya təcrübələri, ortaq elmi-tədqiqat layihələrinin təşkili, birgə tədris proqramları, yay məktəbləri, ikili diplom proqramları, elmin müxtəlif sahələri üzrə birgə tədqiqat və nəşr imkanları, eləcə də beynəlxalq və milli reytinq meyarları sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.
Ezamiyyət nəticəsində əldə olunan ilkin razılaşmalar BDU ilə Qırğızıstan universitetləri arasında gələcək əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı elmi-akademik mühitin inkişafı üçün möhkəm zəmin yaradır.