BAKI, 19 may. TELEQRAF
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elmar müəllim, Baş nazir Nikol Paşinyan ATƏT-in Minsk Qrupu ilə bağlı məsələyə cavab verərkən bunu Azərbaycanın münaqişəni Ermənistan ərazisində keçirmək niyyəti ilə izah etməyə çalışıb. Bu nə dərəcədə məntiqli arqumentdir?
- Görünür, o nəsə deməliymiş və bunu deyib. Ünvanlanan sualı cavablandırmaq üçün bir şey deməliydi. Amma bütün bunlara rəğmən, Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyan arasında Avropa Siyasi sammitindəki görüşdə müsbət çalarlar çox idi. Tərəflər arasında bu cür dialoq yaxşı əlamətdir. Paşinyanın Azərbaycan Prezidentini kofe içməyə dəvət etməsi və bundan bir diplomatik gediş kimi yararlanmağa çalışması da diqqətdən yayınmadı. Çoxları düşünürlər ki, “kofe diplomatiya”sı işə yarıyacaq. Amma bir müddət sonra tərəflər arasında hansı mövzuların müzakirə olunduğu bəlli olacaq. Ola bilsin ki, sülh sazişi ilə yanaşı, kommunikasiya xəttlərinin açılması, Zəngəzur dəhlizi kimi vacib məsələlər də diqqət mərkəzində olub. Çünki bu məsələdə iki tərəfdən başqa üçüncü bir subyektin müdaxiləsi yolverilməzdir. Artıq Paşinyan da Azərbaycanın sülhlə bağlı iki mühüm tələbinin icra edilməsinin vacibliyini anlayır. Bu, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması və ATƏT-in Minsk Qrupundan birgə imtina ilə bağlıdır.
- Minsk Qrupununun ləğvini sülh sazişi ilə eyni vaxtda saxlamaqda məqsəd nədir?
- Sülh sazişi imzalandıqdan sonra Minsk Qrupundan imtina ilə bağlı birgə müraciətə ATƏT-də heç birmənalı yanaşma ola bilməyəcək. Onlar deyə bilməyəcəklər ki, “sizin aranızda sülh yoxdursa, niyə Minsk Qrupundan imtina edirsiniz? Məhz saziş imzalanmaqla onların bu “arqumenti” əllərindən çıxacaq. Münaqişə de-fakto həll olunubsa, de-yure də sülh sazişi ilə bu proses başa çatmalıdır. Konstitusiya ilə bağlı isə Ermənistanın ədliyyə naziri bu yaxınlarda açıqlama vermişdi ki, “biz 10 ay ərzində yeni layihəni hazırlayıb başa çatdıracayıq”. Bundan sonra isə tərəflərin yekun sülh sazişinə imza atmasına heç bir əngəl qalmayacaq.
- Yekun razılaşmanın imzalanmasında üçüncü tərəfin olması ehtimalını necə dəyərləndirirsiniz?
- Əslində, üçüncü tərəfə ehtiyac yoxdur. Ən yaxşı sülh platforması Azərbaycan-Ermənistan sərhədidir. Çünüki üçüncü tərəfin iştirakı ilə və yaxud üçüncü ölkədə sazişin imzalanması onun da siyasi mövqeyinin ifadəsi kimi izah olunacaq. İddialar olacaq ki, niyə sülh üçün filan ölkəni seçdilər və s.
- Amma Paşinyan növbəti dəfə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olmadığını deyib. O bu fikrini Ermənistan konstitusiya məhkəməsinin sərhədlərlə bağlı reqlamentə olan münasibəti ilə əsaslandırmağa çalışıb...
- Mən hüquqşunas deyiləm, amma bu məsələnin hüquqi tərəfi üçün fundamental zəmin olmalıdır. Paşinyan bu gün var, sabah yoxdur. Hansısa bir revanşist düşüncəli şəxs Ermənistanda hakimiyyətə gəlsə, konstitusiya məhkəməsinin rəyinə deyil, konstitusiyanın özünə istinad edəcək.