Türkiyə pilotsuz uçuş aparatlarının səssiz, amma dəqiq hücumları, FPV-dronların partlayıcı reydləri, diplomatik təzyiqlər və beynəlxalq müttəfiqlərin açıq-aşkar geri çəkilməsi fonunda, illərlə bölgəni təhdid altında saxlayan bir təşkilat gözlənilməz addım atdı: PKK özünü buraxdığını bəyan etdi.
Demək olar ki, yarım əsrdir Türkiyə dövlətinin əsas terror təhdidi kimi tanınan bu təşkilat, fəaliyyətinə son verdiyini və "tarixi missiyasını tamamladığını" açıqladı. Kurdlərin nəzarətində olan mətbuatda dərc olunan bu bəyanat, Qərb və Yaxın Şərq mediasında sürətlə yayılaraq, rezonans doğurdu, inamsızlıqla qarşılandı və bir sual ətrafında strateji qeyri-müəyyənlik yaratdı: "Buraxılma" dedikdə nə nəzərdə tutulur? Və daha vacibi - PKK-nın silahlı qanadı, illərlə qurulan logistika şəbəkəsi və 1970-ci illərdən bəri toplanan silah anbarı hara yox olacaq?
PKK - Türkiyə, ABŞ, Böyük Britaniya, Yaponiya və Aİ tərəfindən rəsmi şəkildə terrorçu təşkilat kimi tanınıb. Bu qruplaşma zamanla marksist-leninçi gizli hüceyrədən mürəkkəb, çevik və ağır silahlanmış bir terror infrastrukturuna çevrilib. Qrupun fəaliyyət dairəsi Türkiyənin cənub-şərqi, Suriyanın şimalı və İraqın dağlıq bölgələrini əhatə edir. PKK-nın silahlı dəstələri təkcə klassik partlayışlar və pusqu əməliyyatları deyil, həm də tank əleyhinə raket kompleksləri, pilotsuz uçuş aparatları, zenit silahları, mobil minaatanlar və uzaqdan idarə olunan partlayıcılarla təchiz olunmuşdur.
Türkiyənin EDAM Strateji Araşdırmalar Mərkəzinin qiymətləndirməsinə əsasən, 2022-ci ilə qədər PKK-nın arsenalı bəzi Üçüncü Dünya ölkələrinin sahə ordularını geridə qoyacaq səviyyəyə çatmışdı. Təşkilatın əlinə keçən silahlar arasında sovet və Çin istehsalı RPG-lər, ABŞ-ın M16 və M4A1 tüfəngləri, qənimət kimi ələ keçirilmiş Türkiyənin MPT-76 silahları, 12.7 mm-lik snayper tüfəngləri, hətta "İqla" və "Strela" kimi zenit-raket kompleksləri vardı - bunlardan bəziləri Türkiyə PUA-larına və vertolyotlarına qarşı istifadə olunub.
2011-ci ildən etibarən Suriyada vətəndaş müharibəsi başlayandan sonra, PKK ilə bilavasitə əlaqəli olan YPG-nin İŞİD-ə qarşı mübarizədə önə çıxması təşkilat üçün yeni imkanlar yaratdı. ABŞ və koalisiya qüvvələrinin verdiyi hərbi texnika - termal nişangahlar, modernləşdirilmiş tank əleyhinə komplekslər, kəşfiyyat dronları və koordinasiya modulları - birbaşa və ya dolayı yollarla PKK-nın istifadəsinə keçdi. ABŞ-ın GAO və Stratfor hesabatlarında göstərildiyi kimi, bu silahların bir qismi birbaşa olaraq PKK-nın arsenalına sızıb.
Lakin PKK-nın texniki imkanları genişləndikcə, onun siyasi və strateji perspektivləri daralmağa başladı. 2019-2025-ci illər arasında Türkiyənin keçirdiyi "Pençə" və "Pençə-Kilit" əməliyyatları, Sincar, Avaşin və Metina bölgələrindəki hədəflərin vurulması, logistika dəhlizlərinin dağıdılması və təkcə 2024-cü ildə 400-dən çox PUA zərbəsi nəticəsində PKK ciddi itkilərə məruz qaldı.
ABŞ prezidenti Trampın dönəmində Vaşinqtonun YPG-yə münasibətinin sərtləşməsi, ABŞ qoşunlarının Suriyanın bəzi bölgələrindən çıxarılması, Ankara ilə Ərbil arasında əldə olunan razılaşmalar PKK-nın təchizat yollarını daraltdı. Beləcə, təşkilatın fəaliyyəti üçün əsas təməl daşları bir-bir sarsıldı.
Ancaq gəlin özümüzü aldatmayaq: bu "buraxılma" nə təslimiyyət, nə də son mənzilə çatmaqdır. Bu, daha çox məcburi pauza, ya da gələcək mərhələyə keçid üçün taktiki maskalanmadır. Çünki PKK-nın silahları bir gecədə buxarlanmayacaq.
Açıq qalan suallar kifayət qədərdir:
- Bu arsenal indi haradadır?
- Silahlar kimə ötürülə bilər? YPG-yə, digər yaraqlı qruplara, yoxsa hansısa üçüncü tərəflərə?
- "Konservasiya" ssenarisi mümkündürmü - yəni bu silahlar hansısa "quruluş" adı altında gələcəkdə yenidən meydana çıxacaqmı?
- PKK-nın silah infrastrukturunun Suriya və İraqla sərhədyanı bölgələrdə saxlanması hansı riskləri doğurur?
Çünki tarix sübut edir: qeyri-müntəzəm ordu strukturlarında liderlər və şüarlar dəyişə bilər, ancaq silah - hər zaman sonuncu gedən olur.
PKK-nın silahlı potensialının formalaşma tarixi
PKK 1978-ci ildə marksist ideologiyalı terror qrupu kimi yaradılıb. 1984-cü ildən Türkiyəyə qarşı açıq silahlı qiyama başladı. İlk illərdə bu qrupun imkanları son dərəcə məhdud idi: AKM avtomatları, sovet istehsalı RPG-7-lər və primitiv minaatanlardan ibarət arsenal.
Əsas dönüm nöqtəsi isə 1991-ci ildə baş verdi - Fars Körfəzi müharibəsindən sonra Səddam Hüseynin ordusu dağıldı və silah-sursat "qara bazar"a axmağa başladı. PKK kimi təşkilatlar bu vəziyyətdən faydalanaraq arsenallarını genişləndirdilər. Paralel olaraq İraqın şimalında kürd anklavlarının güclənməsi PKK üçün ideal logistika mərkəzi yaratdı.
2011-ci ildən etibarən isə Suriya münaqişəsi və PKK-nın Suriya qolu olan YPG vasitəsilə yeni silahlar və könüllülər axını başladı. Suriya və hətta Ukrayna müharibəsində işlənmiş texnika və taktika sürətlə PKK tərəfindən mənimsənildi.
PKK-nın silah spektri: karabindən FPV-drona qədər
May 2025-də buraxıldığını açıqlamasına baxmayaraq, PKK hələ də Yaxın Şərqin ən ağır silahlanmış qeyri-müntəzəm qruplarından biri olaraq qalır. 40 illik fəaliyyət ərzində yığılmış arsenal sovet avtomatlarından tutmuş dron-kamikadzelərə və termal silahlara qədər geniş spektri əhatə edir.
Növbəti hissədə - açıq mənbələrə, BMT hesabatlarına, türk hərbi strukturlarının və müstəqil müşahidəçilərin məlumatlarına əsasən, PKK-nın arsenalının sistemli rekonstruksiyası təqdim olunacaq.
1. Atıcı silahlar: PKK-nın döyüş gücünün onurğa sütunu
Türkiyə Müdafiə Nazirliyinin 2021-2024-cü illəri əhatə edən hesabatlarına əsasən, PKK-nın ələ keçirilmiş və sənədləşdirilmiş atıcı silahları arasında aşağıdakılar xüsusi yer tutur:
- AKM, AK-74, AK-103 - PKK-nın əsas hücum gücü. Bu silahlar əsasən keçmiş SSRİ və İran mənbələrindən, eləcə də 1991 və 2003-cü illərdən sonra talan edilmiş İraq anbarlarından əldə olunub.
- M16A2/M4A1 - ABŞ istehsalı olan bu tüfənglər PKK-nın Suriya qanadı olan YPG vasitəsilə silahlanmasına daxil olub. 2023-cü ilə qədər təxminən 2 500 ədəd bu tip silahın PKK-nın əlinə keçdiyi qiymətləndirilir.
- MPT-55 və MPT-76 - Türkiyə ordusuna məxsus bu silahlar döyüşlər və pusqu əməliyyatları zamanı PKK tərəfindən qənimət kimi ələ keçirilib. Rəsmi qeydlərə görə, İraq və Suriyanın şimalında ən azı 74 ədəd bu tip tüfəng tapılıb.
- Zagros - Kürdüstanın dağlıq bölgələrində istehsal olunan, 12,7 mm-lik boltlu snayper tüfəngləri. Uzaq məsafələrdə, xüsusilə 1 000 metrədək məsafədə snayper kimi istifadə olunur.
- Digər silahlar - Almaniya istehsalı G3, Belçikanın FN FAL, Yuqoslaviyanın Zastava M70 kimi köhnəlmiş, amma hələ də işə yarayan silahlar PKK-ya əsasən Suriya, Liviya və İraq ordularının dağılması nəticəsində keçib.
2. Tank əleyhinə silahlar və qumbaraatanlar
PKK-nın arsenalında tanklara və zirehli texnikaya qarşı istifadə edilən silahlar xüsusi yer tutur:
- RPG-7 - döyüş bölgələrində ən çox istifadə olunan tank əleyhinə silah. Çin istehsalı olan Type 69 modelləri də bu kateqoriyaya daxildir. Türkiyə ordusunun BTR və mühəndis texnikasına qarşı tez-tez tətbiq olunur.
- 9M111 "Fagot" və 9M113 "Konkurs" - sovet istehsalı olan bu PƏRK-lər 2023-2024-cü illərdə Zab və Metina bölgələrində müşahidə olunub.
- FGM-148 Javelin - ABŞ istehsalı bu modern PƏRK-lər Suriyadakı YPG vasitəsilə PKK-ya keçib. İlk dəfə 2022-ci ilin sonlarında Tel-Rifaat bölgəsində qeydə alınıb. Türkiyə Silahlı Qüvvələri bu silahın iki dəfə tətbiq olunduğunu, bunlardan birinin uğursuz olduğunu təsdiqləyib.
- İmprovizə olunmuş tank əleyhinə vasitələr və minalar - PKK tərəfindən yol kənarlarına, daş və digər əşyaların içərisinə gizlədilən əl düzəltməsi partlayıcılar geniş istifadə olunur. Təkcə 2023-cü ildə bu cür 309 hadisə qeydə alınıb.
3. Hava hücumundan müdafiə vasitələri (PVO)
PKK-nın zenit imkanları məhduddur, lakin mövcuddur:
- "Strela-2" və "İqla" PZRK-ləri - bu sovet istehsalı daşına bilən zenit-raket kompleksləri PKK-ya Əfqanıstan və Suriya istiqamətindən keçib. İstifadəsi ilk dəfə 1994-cü ildə qeydə alınıb. Ümumilikdə 15 dəfə atış edilib, bunlardan 3-ü uğurlu olub (iki AH-1 Cobra və bir UH-60 helikopteri vurulub).
- Modern MANPADS sistemləri - ABŞ və digər Qərb dövlətlərindən dolayı yollarla PKK-nın əlinə keçib. Suriya ərazisində 2014-cü ildən bəri müşahidə olunur.
- ZU-23/2 və S-60 zenit topları - əsasən Sincar və Metina bölgələrində yerləşdirilmiş, düşərgələrin müdafiəsində istifadə olunur. 2021-ci ilin noyabrında PKK-nın bu tipdən 4 qurğu və 2 000 ədəd mərmi itirdiyi qeydə alınıb.
4. Dronlar: PKK-nın texnoloji sıçrayışı
2021-ci ildən etibarən PKK dron texnologiyalarında ciddi irəliləyişə nail olub:
- FPV-dronlar - DJI, iFlight və HGLRC markalı mülki modellərdən modifikasiya olunaraq hazırlanıb. Trotil, C-4 və sənaye tipli ammonium əsaslı partlayıcılarla silahlandırılıb. Hakkari, Metina və Tuncelidə hücumlarda istifadə olunub. 2024-cü ilin iyunundan 2025-ci ilin fevralınadək ən azı 52 hücum cəhdi qeydə alınıb, bunlardan 36-sı Korkut sistemi ilə zərərsizləşdirilib.
- Çoxfunksiyalı PUA-lar - kəşfiyyat, artilleriyanın hədəfə yönləndirilməsi və patrul marşrutlarının izlənməsi üçün istifadə olunur. 15 km-ədək məsafədə işləyə bilirlər. Bəzən GPS-bloklayıcılar və siqnal gücləndiricilərlə təchiz edilirlər.
- FPV-kameralı kamikadze dronlar - ilk dəfə 2023-cü ilin oktyabrında Avaşin bölgəsində istifadə olunub. Türkiyə komandolarına qarşı tətbiq olunub, 2 texnika zədələnib. Gecələr, 50 metrdən aşağı hündürlükdə, saatda 120 km sürətlə uçurlar.
5. Əl düzəltməsi və improvizə olunmuş silahlar
PKK-nın mühəndis potensialı da nəzərəçarpacaq dərəcədə inkişaf edib:
- Mortiralar (120 mm və 240 mm) - Türkiyə bazalarına hücum üçün istifadə olunur. Məsələn, 2021-ci ildə Haftanin bölgəsindəki hücum nəticəsində 3 əsgər yaralanmışdı.
- Qumbara atıcı dronlar - 2022-ci ildə 8 dəfə əl qumbaralarının Türkiyə postlarına atılması qeydə alınıb.
- Uzaqdan idarə olunan partlayıcılar - GSM moduluna qoşulan tətik mexanizmləri ilə yol kənarlarında aktivləşdirilən İED-lər (İmprovised Explosive Devices) Şırnak və Bingöl əyalətlərində geniş yayılıb.
1. Şimali İraq və Suriyada hərbi əməliyyatlar: qaynaqda boğma taktikası
Türkiyənin PKK-ya qarşı yeni hücum doktrinasının simvoluna çevrilmiş "Pençə" seriyalı əməliyyatlar 2019-cu ildən başlayaraq 2025-ci ilə qədər geniş miqyaslı, çoxsahəli hücum strategiyasına çevrilib. Bu əməliyyatlar əsasən Kandil, Sincar və Metina dağlarında cəmləşib və təkcə taktiki deyil, eyni zamanda geostrateji önəm daşıyır.
Pençe (2019):
- İraqın Haxurk bölgəsində sərhəddənkənar əməliyyatların başlanğıcı;
- 350 km²-dən artıq dağlıq ərazi terrorçulardan təmizlənib;
- Əməliyyatlara xüsusi təyinatlı komandolar və hava dəstəyi cəlb olunub.
Pençe-Kaplan (2020):
- Əsas diqqət Haftanin bölgəsinə yönəldilib;
- 150-dən artıq PKK infrastrukturu (sığınacaq, bunker, anbar) məhv edilib;
- Rəsmi məlumata görə, 100-dən çox terrorçu zərərsizləşdirilib.
Pençe-Yıldırım və Pençe-Şimşek (2021):
- Avaşin-Basyan və Metina bölgələrində sinxronlaşdırılmış hücum;
- İlk dəfə Bayraktar TB2 hücum PUA-ları komandolarla koordinasiyalı şəkildə geniş tətbiq olunub;
- 2021-ci ilin iyununda PKK-nın logistik kanallarına 52 dəqiq zərbə endirilib.
Pençe-Kilit (2022-2025):
- Ən dərin və genişmiqyaslı əməliyyat (50 km-ə qədər dərinlikdə);
- 2 200-dən çox İED (improvised explosive device - improvizə olunmuş partlayıcı qurğu) zərərsizləşdirilib;
- 300-dən çox silah, o cümlədən PƏRK, pulemyot və snayper tüfəngi ələ keçirilib və ya məhv edilib;
- PKK-nın İqla PZRK-dən istifadə cəhdləri qeydə alınıb, lakin hamısı tətbiq olunmamışdan əvvəl zərərsizləşdirilib.
Sincar (Şengal):
- Əməliyyatlar əsasən xəbərsiz "nöqtə zərbələri" formatında keçirilib;
- 2023-cü ilin aprelində YBŞ (PKK-nın yerli bölməsi) anbarına hava zərbəsi: 20 dron və 12 əl düzəltməsi minaatan məhv edilib.
Suriya (Tel-Rifat, Mənbic, Kobani):
- 2022-ci ildən YPG tərəfindən həyata keçirilən dron hücumlarının sayı artıb;
- Türkiyə Silahlı Qüvvələrinin cavabı: təkcə 2024-cü ildə 500-dən çox hava zərbəsi, nəticədə azı 70 terrorçu zərərsizləşdirilib.
2. Elektron və aviasiya müharibəsi: avtonomiya və boğucu zərbə
PKK 2023-cü ildə kamikadze dronlardan istifadə etməyə başladıqdan sonra Türkiyə hava hücumundan müdafiə sahəsində fövqəladə tədbirlər gördü. Əvvəllər məhdud şəkildə istifadə olunan mobil zenit sistemləri tammiqyaslı tətbiq mərhələsinə keçdi.
KORKUT sistemi:
- ACV-30 zirehli platforması üzərində yerləşdirilən zenit-top kompleksi, radar və 35 mm avtomatik top ilə təchiz olunub;
- Əsasən Metina, Avaşin və Zap bölgələrində yerləşdirilib;
- Atəş gücü: dəqiqədə 1100 atəş, effektiv məsafə - 4 km;
- 2024-cü ilin noyabrında Türkiyə Müdafiə Nazirliyi KORKUT-un Zap bazası üzərində 2 FPV dron və 1 kamikadze döyüş başlığını vurduğunu göstərən görüntülər yayımlayıb.
RADAR-EWS (elektron müharibə sistemləri):
- DJI və FPV tipli dronların idarəetmə siqnallarını pozan mobil stansiyalar;
- 2023-cü ildən sərhəd zonalarında 42 mobil vahid yerləşdirilib;
- May-dekabr 2024 dövründə 78 dron zərərsizləşdirilib, onların 43-ü hələ sərhədi keçməmişdən əvvəl tutulub.
Pilotsuz aviasiya:
- Bayraktar TB2 - 2021-2025 illəri arasında İraq və Suriyada PKK mövqelərinə qarşı 200-dən çox zərbə qeydə alınıb;
- Bayraktar Akinci - ağır bombalarla (MAM-T) təchiz edilmiş bu PUA PKK-nın logistik bazalarının məhvinə yönəlib;
- 2024-cü il ərzində 37 silah-sığınacaq və 17 komanda qərargahı hava zərbələri ilə məhv edilib.
3. Logistika və informasiya blokadası: təcrid və təmizləmə siyasəti
Ankara 2021-ci ildən etibarən PKK-nın silah, resurs və informasiya təminatını sistemli şəkildə darmadağın etməyə yönəlmiş planlı kampaniya başlatdı.
İraq Kürdüstanına təzyiqlər:
- 2022-ci ilin martında KRG (Kürdüstan Regional Hökuməti) ilə qeyri-qanuni təchizat marşrutlarının bağlanması barədə razılaşma imzalanıb;
- Səleymaniyyədən Sincar və Kandilə uzanan dağ yolları boyunca 25-dən çox müşahidə məntəqəsi yaradılıb;
- 80-dən çox karvan tutularaq 130 ton silah və avadanlıq müsadirə olunub.
Müşahidə və məlumat bazası:
- Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birgə "PKK Logistics Map" adlı məlumat bazası yaradılıb. Burada 5 000-dən çox təchizat marşrutu və koordinat qeyd edilib;
- 2022-ci ildən İraqla sərhəddə peyk görüntülərinin süni intellektlə analizi əsasında avtomatik xəbərdarlıq sistemi işə salınıb.
İnformasiya müharibəsi:
- 2023-cü ildən MİT və Türkiyə DİN tərəfindən 300-dən çox kiberəməliyyat həyata keçirilib;
- Telegram və TikTok platformalarında PKK təbliğatı ilə əlaqəli 1 200-dən çox hesab bağlanıb;
- 18 Türkiyə vətəndaşı və 6 əcnəbi PKK adına PR fəaliyyətinə görə saxlanılıb;
- 2024-cü ildə PKK-nın təbliğatı üçün istifadə olunan 2 milyon lirə dəyərində kriptovalyuta müsadirə edilib.
Gələcək ssenarilər: Silahsızlaşdırma, transformasiya və arsenalın dövrəyə buraxılması
PKK-nın özünü buraxdığını elan etməsi hələ onun tam sıradan çıxdığı anlamına gəlmir. Qarşıda bir neçə mümkün ssenari dayanır...
Gələcək ssenarilər: Silahlar yoxa çıxırmı, yoxsa maska dəyişir?
PKK-nın buraxıldığını elan etməsi rəsmi bəyanatdan o yana keçməyə bilər. Təşkilatın onillərlə topladığı döyüş resursları, təcrübəsi və əlaqələri onu buxarlanaraq yoxa çıxacaq qurum halına gətirmir. Əksinə - bəyanat daha çox yeni mərhələyə keçid siqnalı, simvolların və formaların dəyişdirilməsi kimi görünür. Mümkün ssenarilər bunlardır:
1. Qismən silahsızlaşdırma və anbarların dondurulması
Əgər beynəlxalq təzyiq güclənsə və PKK-nın infrastrukturunda ciddi daxili dağılma baş versə, təşkilat silah ehtiyatlarının bir hissəsini ləğv etməyə məcbur qala bilər. Lakin bu, yalnız üçüncü tərəflərin - məsələn, İraq hökuməti, BMT və ya Avropa İttifaqı kimi strukturların nəzarəti altında mümkündür. Hazırkı geosiyasi reallıqlarda bu ssenarinin həyata keçməsi çox az ehtimal olunur.
2. Silahların YPG-yə və ya əlaqəli qurumlara ötürülməsi
Ən real ssenari məhz budur. YPG - formal olaraq PKK deyil, lakin təşkilatla dərin struktur və kadr bağlarına malikdir. Suriyanın şimalında geniş əraziləri idarə edən bu silahlı qurum PKK-nın arsenalını və kadrosunu "yerli özünümüdafiə qüvvələri" adı altında leqallaşdıraraq öz nəzarətinə keçirməkdə problem yaşamayacaq.
Bu, təkcə fiziki silah deyil, həm də taktika, təlim, kəşfiyyat sistemləri və dron parkının "sivil" ad altında qorunması deməkdir.
3. Anbarların gizlədilməsi və "yatmış hüceyrə" modelinə keçid
PKK-nın ən güclü cəhətlərindən biri - dağlıq ərazilərdə və qapalı mülki obyektlərdə (məktəblər, ibadətgahlar, fermalar) silah ehtiyatı saxlayaraq illərlə "ölü kimi görünmək" təcrübəsidir.
Sığınacaqların bir çoxu Sincar, Kandil və Avaşin bölgələrində elə mövqelərdədir ki, onların tam zərərsizləşdirilməsi, hətta aşkarlanması belə illərlə vaxt tələb edir. Bu ssenari, yaxın gələcəkdə yeni ad, yeni ideoloji brend altında silahlı fəaliyyətin yenidən alovlanma ehtimalını diri saxlayır.
4. Silahların qara bazara sızması
Əgər PKK-nın struktur nəzarəti tam şəkildə sarsılarsa, bəzi yerli komandirlər və ya qruplar silah və texnikanı qara bazarda satışa çıxara bilər. Bu arsenal narkotik kartelləri, dini-radikal qruplar və ya Afrika və Asiya bölgələrindəki digər muzdlu birləşmələrə ötürülə bilər.
BMT və SIPRI kimi təşkilatların hesabatlarına əsasən, son 10 ildə Yaxın Şərqdə silahların sızma tempinə görə PKK ilk 10-luqda yer alırdı - və bu risk hələ də aktualdır.
Silahlar yox olur, yoxsa sadəcə ünvan dəyişir?
Rəsmi olaraq PKK buraxılsa da, bu təşkilat - dəyişən forması ilə - hələ də bölgənin ən ağır silahlanmış qeyri-müntəzəm hərbi strukturlarından biri olaraq qalır. Onun arsenalı təkcə illərlə aparılan münaqişələrin məhsulu deyil, həm də beynəlxalq siyasi paradoksların nəticəsidir. Belə ki, ABŞ bir tərəfdən PKK-nı terrorçu kimi tanıyır, digər tərəfdən YPG vasitəsilə onlara hərbi yardım ötürürdü.
PKK-nın mirası - təkcə tank əleyhinə sistemlər, dronlar və minaatanlar deyil. Bu, həm də ideologiya, daxili təlim şəbəkələri, informasiya savaşı təcrübəsi və xarici diasporla əlaqələrdir. Bu səbəbdən Türkiyə üçün təhdid hələ də yüksəkdir.
Risklər:
- Texnoloji adaptasiya - xüsusən dronlar və improvizə olunmuş partlayıcılar sahəsində;
- Arsenalın qeyri-müəyyən taleyi və onun YPG-yə və ya üçüncü tərəflərə ötürülmə riski;
- Hibrid müharibənin informativ komponenti - PKK hərbi müstəvidə uduzsa da, ideoloji platforma kimi yenidən aktivləşə bilər, xüsusən də Avropadakı kürd diasporası vasitəsilə.
... PKK-nın "buraxılması" - bir mərhələnin sonu ola bilər, amma silahlar tarixdə həmişə sonuncu tərk edən olur. Bu səbəbdən də Türkiyənin növbəti illərdəki təhlükəsizlik strategiyası təkcə sərhədləri qorumaqla deyil, həm də informasiya cəbhəsində üstünlük qazanmaqla formalaşacaq. Çünki bu savaş artıq yalnız dağlarda deyil - şəbəkələrdə, ekranlarda və ideologiyalarda davam edir.