BAKI, 19 may. TELEQRAF
BMT-nin Baş katibi Antonio Quterreş Qəzza zolağı və İordan çayının Qərb sahilindəki vəziyyətlə bağlı yenidən narahatlığını ifadə edib və "dayanıqlı sülh gətirəcək" iki dövlət həllinə çağırış edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşımlar edib:
"Heç nə “HƏMAS”ın 7 oktyabr tarixli dəhşətli terror hücumlarına haqq qazandıra bilməz. Heç nə fələstinlilərin kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz".
Quterreş həmçinin dayanıqlı atəşkəs, bütün girovların qeyd-şərtsiz azad edilməsini və Qəzzaya sərbəst şəkildə humanitar yardım axınının təmin edilməsini tələb edib.
O, daha sonra dünyanın diqqətini İordan çayının Qərb sahilindəki "dəhşətli vəziyyətə" çəkib.
"İlhaq qanunsuzdur. Məskunlaşmalar qanunsuzdur. Dayanıqlı sülh yalnız iki dövlət prinsipi əsasında əldə oluna bilər. İsrail və Fələstin yan-yana sülh və təhlükəsiz şəraitdə yaşamalıdır”, - BMT Baş katibi yazıb.