Heç kim bizdən "əzik toplum" düzəldə bilməyəcək
Təəssüf ki, son 15-20 il ərzində Türkiyənin bəlli bir zümrəsində tarixdən başlamış mədəniyyətə kimi hər şeyə dinçi və məzhəbçi müstəvidən yanaşmaq kimi olduqca təhlükəli bir tendensiya formalaşıb. Bu adamlar anlaya bilmirlər ki, "neo-osmanizm” - Türkiyənin gələcəyinə, türk dünyasına və dünyaya osmanlı və xilafət tarixi müstəvisindən münasibət bəsləmək Türkiyəni nəinki müasir dünyadan, hətta türk dünyasından belə uzaq salır.
Tarix boyu türk imperiya və dövlətləri arasında ixtilaflar baş verib və bu da həmin dövrün dünyagörüşü çərçivəsindən dəyərləndirildikdə, normal qəbul olunmalıdır. İmperatorlar, sultanlar, şahlar, xanlar öz ərazilərini genişləndirmək və üstün güc olmaları üçün müharibələr aparırdılar. Bir qrup gerizəkalı Səfəvi-Osmanlı ixtilafına məzhəb müstəvisindən yanaşmaqla Türkiyə cəmiyyətinə və ərəb dünyasına saxta bir təəssübkeşlik nümayiş etdirir. Amma o zaman başqa suallar çıxır ortalığa: Sultan İldırım Bəyazidlə Əmir Teymur arasında ki, məzhəb ayrıseçkiliyi yox idi, o zaman onlar niyə qarşı-qarşıya gəldilər? Yaxud nədən özbək qardaşlarımız Şeybanioğulları xanlığının Xətai tərəfindən süquta uğradığından danışmırlar? Çünki düşüncələri, təfəkkürləri yerindədir. Saxta dinçi zehniyyətlə xəstələnməyiblər. Sizi əmin edirəm, əgər Xətai Çaldıranda qalib gəlsəydi, bu gün saxta osmanlı təəssübkeşlərinin heç biri bu mövzuda danışmayacaqdı. Necə ki, Əmir Teymurun İldırım Bəyazidi əsir götürməsindən bir kimsə danışmır. Deməli, Xətainin ən böyük günahı məğlubiyyətidir.
Türkiyənin türk dünyasından qopardılması və ərəb səhralarına sürüklənməsi bir qrup türk düşməninin arzusudur və təəssüf ki, belələri üçün Türkiyədə geniş imkanlar yaranıb. Onlar yaxşı bilirlər ki, Türkiyə neo-osmanizmlə nə Mərkəzi Asiyaya, nə də Qafqaza girə bilməyəcək. Çünki gah Əmir Teymur çıxacaq qarşılarına, gah Xətai, gah da başqa birisi... Türk birliyini arzulamayanlar da bundan məharətlə istifadə edirlər... Amma nə Azərbaycan, nə də Orta Asiya türklərinin yaddaşından onların imperiya qurmaq və idarə etmək potensialını yox etmək, qan yaddaşlarını silmək mümkün olmayacaq. SSRİ kimi nəhəng imperiyanın amansız ideoloji maşını belə bunu bacarmadı. Heç kim bizdən və Orta Asiya türklərindən "əzik” toplum düzəldə bilməyəcək. Bunu, Türkiyə türkcəsində desək, bəziləri qafalarına qoysunlar artıq.
Zənnimcə, bu məsələlərlə bağlı Azərbaycan və Türkiyə tarixçiləri bir araya gəlib ortaq bir konfrans keçirməli, Türkiyədəki dərsliklərdən Xətai ilə bağlı türk düşmənçiliyinə və bölücülüyə xidmət edən məsələlər çıxarılmalıdır. Zənnimcə, çox geniş səviyyədə Beynəlxalq Xətai Konfransının keçirilməsinə ehtiyac var. Geri zəkalı zehniyyətə başa salmaq lazımdır ki, Səfəvi-Osmanlı ixtilafı məzhəb qarşıdurması deyil.
Elçin Mirzəbəyli,
Milli Məclisin deputatı