İşdən çıxarılan direktor müavini məktəbin direktorunu məhkəməyə verib. O, iddia edib ki, direktor mətbuata verdiyi açıqlamada ona böhtan atıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, Biləsuvar rayon Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbinin direktoru ilə onun işdən çıxardığı müavini məhkəmədə üz-üzə gəlib.
Direktor Nərmin Nəbiyevanın əmri ilə işdən çıxarılan Alim Həmidli məhkəməyə üz tutub. O, direktorun xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.
Belə ki, işdən çıxarılan Alim Həmidli mətbuata direktorun qanunsuz fəaliyyətlə məşğul olduğunu, işçiləri əsassız şəkildə işdən çıxarması barədə açıqlama verib.
Direktor Alim Həmidlinin mətbuata verdiyi müsahibəsinə cavab olaraq deyib ki, onun kollektivlə problemi olub: "Sizə deyə bilmərəm. Rayon ictimaiyyətinin bildiyi problemləri, uyğun olmayan məsələlər var idi. Belə şəxslə çalışmaq istəmirdim. Müqavilə bitəndə xitam verdim. İstənilən şəxsdən soruşa bilərsiniz. Əmək Müfəttişliyi Xidmətinin məni cərimə etməsi məsələsinə gəlincə isə bu, həmin şəxslərlə mənim aramda olan məsələdir, bunun Alim Həmidli ilə heç bir əlaqəsi yoxdur. Kollektiv onu istəmirdi".