Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri – I, II və III siniflər üçün yeni dərslik hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, bu, müstəqillik dövründə hazırlanacaq ilk dərslik olacaq.
Məlumatda qeyd olunub ki, hazırda musiqi məktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti ötən əsrin ortalarında yazılmış materiallara əsaslanır. 1955-ci ildə hazırlanmış L.Yeqorova və R.Siroviçin “Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı”, eləcə də Sevda İbrahimovanın, Gülnarə Səfərəliyevanın və digər müəlliflərin vəsaitləri bu gün də istinad mənbələri kimi istifadə olunsa da, müasir təhsil yanaşması, milli intonasiya və yeni pedaqoji prinsipləri tam şəkildə əhatə etmir.
Yeni dərslik isə müasir kurikulumun tərkib hissəsi kimi musiqi təhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar və şairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir araya gələrək, uşaqların milli musiqi intonasiyaları ilə zənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təmin edəcək dərsliyi ərsəyə gətirirlər.