Dünən Misli Premyer Liqasında keçiirlən "Səbail" - "Zirə" oyunu maraqlı məqamlarla yadda qaldı. Offsideplus.az xəbər verir ki, qonaqların qələbəsi "Səbail"in Premyer Liqada yerini itirməsini rəsmiləşdirdi. Amma "Zirə" təkcə oyuna peşəkar yanaşması ilə deyil, həm də heyəti ilə diqqətləri üzərinə çəkdi.

Premyer Liqada debüt

Uşaq futbolunun inkişafına böyük önəm verən "Zirə" necə deyərlər, əkdiyi ağacların barını görməkdədir. "Səbail"lə oyunda bunun şahidi olduq. Baş məşqçi Rəşad Sadıqov 19 yaşlı Ramiz Muradova forma geyinmək şansı var idi. Gənc yarımmüdafiəçinin Premyer Liqada debütü ikiqat sevindiricidir. Əvvəla, istənilən heyətdə gənc futbolçunun görünməsi, meydançaya çıxması həmişə gələcəyə nikbin baxmağa əsas yaradır. İkinci məqam isə Ramizin məhz "Zirə" Futbol Akademiyasının yetirməsi olmasıdır. Deməli, bu akademiyada işlər düzgün qurulub. Akademiya rəhbərliyinin uzunmüddətli planları, çoxillik əziyyəti bəhrəsini verir.

17 yaşlı yarımmüdafiəçi

Ümumiyyətlə, son vaxtlar "Zirə"nin əsas komandasında yeniyetmə və gəncləri tez-tez görmək mümkündür. Rəşad Sadıqov həm kubok, həm də çempionat qarşılaşmalarında perspektivli oyunçuları heyətə cəlb edir. Bu gənclər əsas komanda ilə məşq etməklə, ab-havanı daha yaxşı hiss edir, usta futbolçulardan görüb-götürürlər. "Səbail"lə dünənki görüşdə Rəşad Sadıqovun Premyer Liqa oyununun protokoluna birdən-birə 5 gənc futbolçunun adını salması alqışalayiq haldır. Düzdür, həmin oyunçulardan yalnız biri - Ramiz Muradov şans qazandı. "ASCO Arena"da "Zirə"nin Futbol Akademiyasının digər üzvlərini də görmək çox xoş idi. Şahmar Aşurov, Murad Ələkbərov, 18 yaşlı qapıçı Səlim Həşimov "Zirə"nin heyətində "Səbail"lə oyuna gəlmişdilər və hətta son dəqiqələrə qədər meydançanın kənarında məşq edərək hər an mübarizəyə atılacaqlarını gözləyirdilər. Hələ 17 yaşı tamam olmayan Əhliman Süleymanzadəni isə xüsusi təqdim etmək istərdik. "Zirə"də U-17-nin üzvü olan yarımmüdafiəçi artıq əsas komandanın məşqçi korpusunun diqqətini çəkib. Onun tezliklə Misli Premyer Liqada debüt edəcəyini, usta futbolçuya çevriləcəyinə inanmaq istərdik. 

Rəşad Sadıqovun cəhdləri 

Haqqında danışdığımız futbolçular ən həssas yaş dövründədirlər. 17, 18, 19 yaş - yeniyetməlikdən böyüklərin futboluna gedən yolun başlanğıcıdır. Rəşad Sadıqov bu periodda bir çox futbolçuların karyeralarında eniş yaşadığını, yeni dövrə uyğunlaşmaqda çətinlik yaşadıqlarını yaxşı bilir. Ona görə "Zirə"nin məşqçi korpusu yeniyetmə, gənc futbolçuları düzgün istiqamətləndirməklə, qorumaqla, onları Azərbaycan futboluna qazandırmaq istəyir. Futbolumuzda özünəməxsus yer tutan "Zirə" Futbol Akademiyasının yetirmələrini tezliklə ölkə çempionatında və Azərbaycan milli komandasında daha tez-tez görəcəyimizə ümidvarıq.