Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Hər bir xalqın tarixində unudulmaz iz qoyan, taleyinə yön verən, onu sabitlik və inkişaf yoluna çıxaran liderlər olur. Azərbaycan xalqı üçün belə bir nadir şəxsiyyət – müdrik siyasətçi, qüdrətli dövlət xadimi, xalqını və torpağını canından artıq sevən insan – Ümummilli Lider Heydər Əliyevdir. 10 may tarixi Azərbaycan xalqı üçün sadəcə bir doğum günü deyil, həm də azərbaycançılıq məfkurəsinin, dövlətçilik ənənələrinin möhkəmləndiyi, müstəqil Azərbaycanın banisinin dünyaya gəldiyi gündür. Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm təməli məhz onun uzaqgörənliyi, zəhməti və qətiyyəti sayəsində formalaşıb.
Bu gün Ulu Öndərin doğum günü münasibətilə onu anmaq, gördüyü işləri yada salmaq, ideyalarını yaşatmaq hər bir azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur.
Məhz bu münasibətlə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Ziyad Səmədzadə Publika.az-a öz fikirlərini bölüşdü.
O bildirdi ki, bu gün azad Azərbaycanın müasirləşməsi, çiçəklənməsi və bir çox qlobal sahədə müəyyən mövqe tutmasının təməlində xalqımızın tarixi şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasəti dayanır:
“Azərbaycan xalqının tarixi şəxsiyyətləri içərisində Heydər Əliyev özünəməxsus yer tutur. O, Azərbaycan iqtisadiyyatının çiçəklənməsi üçün həm sovet, həm də müstəqillik dövründə son dərəcə mühüm işlər görüb. Sovet dövründə zəngin təbii sərvətlərimiz və xalqımızın əməksəvər olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf səviyyəsinə görə bir çox respublikalardan geri qalırdı. Heydər Əliyev bu geriliyin aradan qaldırılması üçün “titanik” fəaliyyət göstərdi.
O, ittifaq hökuməti qarşısında Azərbaycan iqtisadiyyatının inkişafına dair bir sıra mühüm qərarların qəbul edilməsinə nail oldu. Həmin qərarların icrası nəticəsində xalqımız digər respublikalar arasında ən qabaqcıl yerlərdən birinə yüksəldi.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk illərdə ölkədə hərc-mərclik baş vermişdi, yoxsulluq həddən artıq yüksək səviyyəyə çatmışdı. Bir milyondan çox qaçqının yerləşdirilməsi və onların sosial problemlərinin həllində ciddi nöqsanlar var idi. Xalqa rəhbərlik edən qeyri-peşəkar, səriştəsiz islahatçılar Azərbaycan iqtisadiyyatına ciddi zərbələr vurmuşdular. Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar yaratdı”.
Deputatın sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dövrlərdən etibarən Azərbaycanda siyasi sabitliyin, iqtisadi yüksəlişin və dirçəlişin əldə olunması üçün əzmlə çalışıb:
“1993-cü ildə Ulu Öndər Heydər Əliyev Ali Sovetin məclisində çıxış edərkən dedi ki, Azərbaycan iqtisadiyyatını dirçəltmək, ölkəmizi böhran vəziyyətindən çıxarmaq lazımdır. Bunun üçün ictimai-siyasi sabitlik təmin olunmalıdır. Prezident seçkilərində qalib gələndən sonra Heydər Əliyev iqtisadiyyatımızın gələcək inkişaf istiqamətlərini müəyyən etdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu isə Azərbaycanı dünyaya tanıtdı, xarici investorların ölkəyə axınının əsasını qoydu. Bu müqavilədən sonra iqtisadiyyatda böyük inkişaf dinamikası müşahidə olundu.
Son 20 il ərzində Azərbaycan iqtisadiyyatında bir sıra iri təşkilatlar yaradılıb. Ulu Öndər Heydər Əliyevin tövsiyələrini, ata vəsiyyətini fədakarlıqla və uğurla həyata keçirən İlham Əliyev Azərbaycanı dünyada tanıtdı. Xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi və bu birlik bizə böyük qələbəni gətirdi. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi.
Ulu Öndər daim deyirdi ki, ordu gücləndirilməli, yoxsulluq azaldılmalı, yeni islahatlar aparılmalı və bazar münasibətləri formalaşmalıdır. Məhz bu kompleks yanaşma iqtisadi dirçəliş üçün münbit zəmin yaratdı. Bu gün Azərbaycan qloballaşan dünyanın ən nüfuzlu və dinamik inkişaf edən ölkələrindən biridir”.
Z.Səmədzadə qeyd etdi ki, Ulu Öndər eyni zamanda bənzərsiz uzaqgörənliyə malik bir lider idi:
“Ölkəmizin ərazi bütövlüyünün təmin olunması Heydər Əliyevin ən böyük arzularından biri idi. O, buna ürəkdən inanırdı. Hətta 1993-cü ildə demişdi:
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, sonra Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda və Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
Ulu Öndər o qədər uzaqgörən idi ki, 32 il əvvəl ölkəmiz ağır iqtisadi vəziyyətdə olarkən belə, bu nailiyyətlərin baş verəcəyini əvvəlcədən görürdü. Biz qalib xalq olaraq xoşbəxtik ki, bu gün Azərbaycan dinamik inkişaf edir, Qarabağa “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Vaxtilə öz doğma yurd-yuvasından köçkün düşən əhalimiz torpaqlarına qayıdır.
Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının bəhrələridir. Azərbaycan bundan sonra da daha güclü, daha qüdrətli, dinamik və keyfiyyətli şəkildə inkişaf edən bir ölkə olacaq.
İllər, onilliklər, hətta əsrlər keçsə də, Heydər Əliyev heç vaxt unudulmayacaq. Çünki o, Azərbaycan xalqının xilaskarı olmuşdur”.
Roza Şəfiyeva
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta