Keçmiş təhsil naziri Misir Mərdanov bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, biz hazırda mövcud tədris prosesindən yuxarı sinif şagirdlərinin faydalandığını görə bilmirik:
"Misir Mərdanovun müsahibəsində dediyi fikirləri mən illərdir bəyan edirəm. Hətta bu istiqamətdə mən Elm və Təhsil Nazirliyinə rəsmi məktub yazıb, fikir və təkliflərimi bildirmişdim. Yuxarı sinif şagirdləri müxtəlif yollara istiqamətlənirlər. Repetitor yanına və ya hazırlıq kurslarına üz tuturlar. Təklifim bu idi, biz təhsil sistemini 3 hissəyə bölürük. Birincisi, ibtidai təhsil 1-4-cü sinifləri əhatə edəcək. İkincisi, icbari təhsil 5-ci sinifdən 9-cu sinifə qədər davam edir. 9-cu sinifdə buraxılış imtahanı verilərək icbari təhsil yekunlaşır və attestat alırlar. Üçüncü təhsil sistemi ali təhsilə hazırlıqdır. Universitetə hazırlıq istiqamətində əslində müəyyən işlər görülməlidir. Həm maddi, həm mənəvi olaraq bir az çətinliklərimiz ola bilər. Niyə? Çünki dərsliklər sıfırdan yazılmalıdır, illik planlar dəyişdirilməlidir, dərs cədvəllərində dəyişiklik olmalıdır. Bunu etsək, gələcək illərdə müəyyən çətinliklərlə qarşılaşmayacağımızı düşünürəm. Müvafiq dərsliklər hazırlamalıyıq. Onsuz da Elm və Təhsil Nazirliyi hər il müxtəlif fənlər üzrə dərsliklər tərtib edir. Mən bunu 10-11-12-ci sinif deyə təklif etmişdim. Bu, 10-11-ci sinif də ola bilər, fərqi yoxdur. Bunun qərarını nazirlik verəcək".
Ekspert qeyd etdi ki, plan və proqram həyata keçirilməlidir.
"11-ci sinifə gələn şagird 3-cü qrupa hazırlaşırsa, bu uşaq coğrafiyadan niyə 2 saat dərs keçməlidir? 2-3 saat dərs keçilən mövzuları 1 saata sala bilərik. Rəsm, musiqi ixtisar edilə bilər. Gücü əsas fənnlərə verəcəyik. Sertifikasiyada yüksək nəticə əldə edən müəllimləri universitetə hazırlıq qruplarına cəlb edərik. Həm onların dərs saatları artar, həm də imtiyazları artmış olar. Bu, həm müəyyən qədər sertifikasiyanın da reklamı olar. Müvafiq addımlar atılmalıdır. Əlbəttə, çətinliklər olacaq. Plan, cədvəl hazırlanması müəyyən işlərdir. Amma edilməyəcək işlər deyil. Türkiyə bu üzərindən irəliləyir. Bunun müsbət tərəfini onlar illərdir görür. Şagirdlər birbaşa özlərinə lazım olan fənləri keçirlər. Biz də bu sistemə mütləq keçməliyik. Bu sistemin imkansız ailələrin övladlarının oxumasına təsiri olacaq. Həm də yuxarı sinif şagirdləri dərsə gəlməyə cəlb olunacaq".
R.Nurəliyevin sözlərinə görə, dərs uşağa mənasızdırsa, gəlməmək üçün bəhanələr tapacaq.
"Biz beləcə onlara da yol açmış olacağıq. Biz o şagirdi məktəbdə qidalandırırıqsa, onun başı təhsilə qarışacaq. Bu, repetitorluğun, kurs fəaliyyətinin qarşısını alacaqmı? Xeyr. Bu işi görən yenə görəcək, meyil edən isə edəcək. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi qısa zamanda bu məsələyə həll tapmalıdır. Təhsil sistemi bizə nə qazandıracaq? Universitetə hazırlıq istiqamətində abituriyentlərə ciddi dəstək verəcək. Sertifikasiya imtahanının dəyərini artırmış olacaq. Yüksək bal toplayan müəllimlər bunu bir imtiyaz kimi qəbul etmiş olacaqlar. Şagirdlərin davamiyyəti artırılacaq. İmkansız ailələrin uşaqlarına isə bu sistemin faydası olacaq. Dərsliyin hazırlanması vəsait tələb edərsə, şagirdlər özlərinə lazım olan vəsaiti əldə etmiş olacaqlar. DİM mövzular ətrafında sual salmağa məcburdur", - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI