RU

Abdulaye Dukure “Everton”u tərk edəcəyini açıqladı

İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton”un yarımmüdafiəçisi Abdulaye Dukure yayda komandanı tərk edəcək.

Arena.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib.

Malili oyunçunun Liverpul kollektivi ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatır. Tərəflər arasında yeni sözləşmə imzalanmayacaq.

Qeyd edək ki, 2020-ci ildən “Everton”da çıxış edən Dukure bu klubun heyətində ümumilikdə 165 oyuna çıxıb. O, bu oyunlarda 21 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.

Abdulaye Dukure daha öncə “Uotford”, “Renn”, “Qranada” kimi klubların da formasını geyinib.

Dukure Fransanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb. Bu üzdən də o, 2022-ci ilin martında Mali yığmasında oynamağa başlayıb. Amma mərkəz yarımmüdafiəçi bu komandanın heyətində də cəmi 2 oyun keçirib.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Избранный
0
arena.az

1Источники