RU

“Təki, ali təhsil olsun” DÜŞÜNCƏSİ – Gənclərin yanlış seçimlərinin SONRAKI FƏSADLARI

“Təəssüf ki, bu gün biz konkret bir peşə sahibi olmaq üçün yox, istənilən bir diploma sahib olmaq üçün oxuyuruq. Açıq etiraf edək ki, biz daha çox ali təhsilə meyilliyik, nəinki peşə təhsilinə. Bu, bəlkə də, mentalitetimizlə bağlı olan bir məsələdir. Hər valideyn öz övladını ali təhsilli, daha doğrusu, diplomlu görmək arzusundadır. Halbuki, iqtisadiyyatımızda və sosial həyatımızda müəyyən peşələr üzrə ixtisaslı kadrlara ciddi tələbat var. Ona görə də, Azərbaycanda peşə təhsili sahəsində maddi-texniki baza gücləndirilməli, dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanmalıdır”.

Bunu peşə təhsili ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

O bildirib ki, Almaniya, Yaponiya, Koreya kimi ölkələr məhz yüksək inkişafa peşə-ixtisas səviyyəsini artırmaqla nail olublar:

“Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Bizim peşə adamlarına böyük ehtiyacımız var. Nəzərə alaq ki, bu gün peşə məktəblərinin bir sıra məzunları ali təhsilli kadrlardan daha yaxşı dolanır.

Bu gün yaxşı aşpaz, yaxşı bərbər və yaxud dərzi ayda 2500-3000 manat, bəziləri isə daha çox pul qazanır. Yaxud peşə təhsilli insanlar biznes qurmaqda daha uğurlu olurlar. Ən əsası peşə məktəblərinin məzunları üçün kifayət qədər geniş iş imkanları var. Yüksək dərəcəli qaynaqçılar qibtəolunacaq dərəcədə əmək haqqı alırlar.

Lakin valideynlərin diplom sevdası gənclərin peşə seçiminə çox mənfi təsir göstərir. Nəzərdən qaçırtmayaq ki, aqronoma, mühasibə, hüquqşünasa və hətta həkimə heç də hər kəsin ehtiyacı olmur. Amma dərziyə, bərbərə, aşpaza və digər peşə sahiblərinə hamımızın davamlı olaraq işi düşür. Axı, insanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır.

Əfsus ki, biz həyat üçün yox, diplom üçün oxuyuruq...

Etiraf etməliyik ki, son onilliklər gənclər arasında peşə təhsilinə maraq azalıb. Gənclərin əksəriyyəti ali təhsil almağa can atsa da, günümüzdə xeyli vacib olan, həm də kifayət qədər qazanclı sayılan peşələri öyrənmək istəyənlərin sırası getdikcə seyrəlir. Gənclər özlərinə əziyyət vermək istəmirlər”.

Müsahibimiz qeyd edib ki, əvvəllər sadə peşə adamlarının şərəfinə şeirlər yazıb, mahnılar qoşulardı, onların qabaqcıl nümayəndələri ölkənin qanunverici orqanlarında təmsil olunardı:

“Ona görə də bərbər, aşpaz, dərzi kimi peşə sahiblərinə böyük ehtiyac və hörmət duyulardı. Amma bu gün sadə peşələr lazımınca təşviq olunmur. Onlara etimad aşağı səviyyədədir. Ona görə də çoxları sənət arxasınca getmir, “prestij” axtarır. Bu gün ali məktəb sevdası, diplomlu olmaq predmeti cəmiyyəti düzgün istiqamətə aparmır.
 

Nəzərə alaq ki, ümumtəhsil məktəbinin vəzifəsi təkcə təhsil alanların zəruri biliklərə və həyati bacarıqlarla yiyələnməsini təmin etmək deyil, eyni zamanda milli-mənəvı və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir.


Bununla belə, biz yenə də təhsilimizdə bilik faktorunu əsas götürərək, məktəblərimizin fəaliyyətini yalnız bilik göstəriciləri ilə - neçə şagirdin ali məktəbə daxil olması, neçəsinin yüksək bal toplaması, medal qazanması, müxtəlif olimpiada qalibi olması, təqaüdlə rəğbətləndirilməsi, bir sözlə bilik nümayişi ilə ölçürük.

Ona görə də ilk növbədə “mentalitet” adlandırdığımız düşüncəmizdə korrektə işləri aparılmalıdır. Nə qədər ki, sadə peşələr və sadə peşə adamları təbliğ və təşviq edilməyəcək, bunların diqqətdən kənar qalması da bir o qədər qaçılmaz olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
0
bizim.media

1Источники