RU

Parlamentin səsini eşitmədiyimiz deputatları – SİYAHI

Milli Məclisin 2025-ci il yaz sessiyasının başa çatmasına sayılı günlər qalıb. Belə ki, mayın 31-də artıq parlamentin yaz sessiyası öz işini tamamlayır. Bu sessiya dövründə parlamentin 12 iclası keçirilib. Eləcə də bu günə qədər ümumilikdə 51 komitə iclası olub və 142 məsələ müzakirə edilib. Ötən müddət ərzində bir sıra deputatlar gündəliyə çıxarılan məsələlərin müzakirəsində olduqca aktiv olub və öz təklif və iradlarını səsləndiriblər. Bununla yanaşı, sessiya dövründə səsini eşitmədiyimiz deputatlar da olub.
NOCOMMENT.az xəbər verir ki, modern.az mövzu ilə əlaqədar Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirib.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və parlament müxbiri Əli Zülfüqarlı bildirib ki, indiyə kimi Milli Məclisdə müzakirə olunan qanun layihələri ilə bağlı Kəlbəcərin deputatı Mircəlil Qasımlı nə şərh, nə də təklif verib.
“Parlamentin iclaslarında danışmayan deputatlara Bədəl Bədəlov, Sabir Hacıyev, Şahin Seyidzadə, Elnarə Akimova, Mixail Zabelin, Sevil Mikayılovanı da misal göstərmək olar”,- jurnalist deyib.
“Olaylar.az”ın parlament müxbiri Alim Hüseynli də konkret adlar çəkib: “Mən müşahidələrim əsasında danışmayan deputalara Xanlar Fətiyev, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Bədəl Bədəlov, Sevil Mikayılova və Səbinə Salmanovanı nümunə göstərə bilərəm”.
“Ədalət” qəzetini parlamentdə təmsil edən jurnalist Nicat Novruzlu da Xanlar Fətiyev, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Bədəl Bədəlovun demək olar ki, bir kəlmə də danışmadıqlarını deyib.
“Real” TV-nin parlament müxbiri Namidə Bingöl uzun illərdir Milli Məclisdən reportajlar hazırlayan jurnalist kimi fəaliyyət göstərdiyini, parlamentarilərin heç də hamısının iclaslarda çıxış etmədiyini deyib:
“Bir çox deputatlar komitə iclaslarında fəallıq nümayiş etdirir. Hesab edirəm ki, mütləq şəkildə deputatların sessiya zamanı çıxış etməsi vacib deyil. Bəzi deputatlar yazılı formada müraciətlərini edir. Bu müraciətlər çox zaman təmsil olunduqları dairələri əhatə edir. Bəzi deputatlar parlament tribunasından danışmağa, bəziləri seçicilərlə işləməyə, digərləri isə xaricdə ölkəmizi təmsil etməyə üstünlük verir”.
“Ölkə.az”ın əməkdaşı Mürtəza Bünyadlı söyləyib ki, nəinki danışmayan, hətta VII çağırış parlament dövründə bir-iki iclasa qatılan deputalar var:
“Passiv deputatlar o qədər çoxdur ki, hamısının adını çəkmək çox uzun çəkər. Elə deputat var ki, nəinki səsi çıxmayıb, hətta ümumiyyətlə VII çağırış dövründə cəmi bir neçə dəfə parlamentin iclasına qatılıb. Amma həm parlamentin işində aktiv iştirak edən, seçiciləri ilə sıx işləyən deputatlar da yetərincədir. Onlar həm qanunvericilik sahəsində, həm ölkədəki ictimai-siyasi proseslərdə çevik reaksiya verirlər, həm də seçiciləri ilə aktiv şəkildə işləyirlər”.
“Sfera.az”ın parlament müxbiri Firuzə Əliyeva Milli Məclisin 2025-ci ilin yaz sessiyasının maraqlı çıxış və layihələrlə yadda qaldığını deyib:
“Müzakirələrdəki ən fəal millət vəkilləri onsuz da hamıya məlumdur. Demək olar ki, hər iclasada çıxış edən deputatlara Vüqar Bayramov, Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Ceyhun Məmmədov, Sivayuş Novruzov, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elçin Mirzəbəyli, Sahib Alıyev və Əli Hüseynlini misal çəkə bilərik. Əhali arasında da bu barədə sorğu keçirsək, vətəndaşlar ən çox qeyd etdiyim millət vəkillərinin adlarını xatırlayar. Təbii ki, az da olsa, çıxış edənlər, təkliflər verənlər var. Digər tərəfdən, adları unudulanlar isə deməli kifayət qədər fəal olmayıb”.
“Sabahinfo.az“ saytının parlament müxbiri Ədil Ədilzadə isə bunları deyib:
“Danışmayan deputatlardan biri də Heydər Əsədovdur. O Şirvan şəhərindən seçilsə də, bir dəfə də bu şəhərlə bağlı hər hansı məsələni gündəmə gətirdiyini görmədik.
Eyni zamanda 123 saylı dairədən Vll çağırış Milli Məclisə deputat seçilmiş Mircəlil Qasımlı da səssiz deputatlardandır. Bu deputat ancaq şəkil çəkdirməklə məşğuldur. Aktivlik görünmür.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Elşad Musayev nə iş görür bilən yoxdur. Nə seçicilərlə görüşünü görürük, nə də bir çıxış edir. Bu siyahıya Rasim Musabəyov, Asim Mollazadənin də adlarını əlavə etmək olar”.
“Anews.az” saytının əməkdaşı Gülnar Nazimqızının sorğumuza cavabı belə olub:
“Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Vüqar Bayramov, Naqif Həmzəyev və Aydın Hüseynov hər zaman cavab verən deputatlardandır. Aydın Mirzəzadə telefonları hər zaman açan deputatlardandır. Rasim Musabəyov hər dəfə zəng edəndə deyir ki, “mən yaşlı adamam, hər zəng edən sənin kimi jurnalistə vaxt ayırsam, necə olar?” və ya deyib ki, “rəhbərin zəng eləsin, nə sualı var, o versin”.
Deputat Kamal Cəfərova bir dəfə yaxınlaşdım. Dedi ki, nə lazımdırsa öz “Facebook”unda yazır. Əslində mətbuata açıq deputatların sayı çox azdır və digərləri əlçatan deyil. Hesab edirəm ki, jurnalistin əlaqə qura bilmədiyi deputatla vətəndaş çətin əlaqə qursun…”
Təəssüf ki, bəzi parlament jurnalistləri sorğumuzda iştirak etmək istəmədilər.
Избранный
0
3
nocomment.az

4Источники