RU

Bu ölkələrdə dövlət ödənişləri kriptovalyuta ilə edilə bilər

Hazırda 1 bitcoin 1 kq qızılın qiymətinə - təqribən 104 500 dollara bərabərdir.

Bu, bitcoin və digər kriptovalyutalara konservativ mövqeyi ilə tanınan bir çox iri korporativ şirkətin və pərakəndə investorun diqqətini cəlb edib.

Məlumata görə, hətta Dubay dövlət xidmətlərinin haqqını kriptovalyuta ilə ödəməyə rəsmi icazə verib. İndi vətəndaşlar və şirkətlər Crypto.com platforması vasitəsilə rəqəmsal aktivlərlə ödəniş edə biləcəklər. Bu yenilik 2026-cı ilədək ödənişlərin 90%-nin nağdsız olmasını nəzərdə tutan “Dubayın nağdsız strategiyası”na uyğundur.

“Crypto Consulting” MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Musavat.com-a şərhində bildirib ki, Dubayın “Cashless Dubai Strategy” proqramı 2026-cı ilədək ödənişlərin 90%-nin nağdsız formaya keçməsini nəzərdə tutur.

ELNUR

E.Quliyev hesab edir ki, Dubayda kriptovalyutalar ilə dövlət xidmətlərinə ödənişlərin rəsmiləşdirməsi texnoloji, iqtisadi və geosiyasi baxımdan əlamətdar hadisədir:

“Bu təşəbbüs yalnız rəqəmsallaşma deyil, maliyyə inklüzivliyi, texnologiya və idarəetmə baxımından strateji əhəmiyyət daşıyır. Bu strategiyanın 4 əsas hədəfi var: 1. Dövlət sektorunda innovasiyanın inteqrasiyası;

2. Nağdsız iqtisadiyyatın inkişafını sürətləndirmək;

3.Blockchain texnologiyası vasitəsilə şəffaflığın təmin edilməsi;

4. Qlobal investorları cəlb etmək”.

Elnur Quliyevin fikrincə, kriptovalyuta ilə ödənişlərə məhz dövlət xidmətlərindən başlanmasının bir neçə səbəbi var:

“Bu, ilk növbədə rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlıdır. Dövlət sektorundakı istənilən dəyişiklik xüsusilə fintech sahəsində özəl sektoru da stimullaşdırır. Kriptovalyutalarla ödəniş imkanları biznes və turizm baxımından ölkəni daha cəlbedici edir.

Digər amil etimadın artmasıdır. Belə ki, dövlət kriptovalyutaya etibar edirsə, ictimai sektor da bu texnologiyaya daha tez adaptasiya olunur. Bu faktor kriptovalyutalara qarşı olan skeptisizmi azalda bilər. Əlavə olaraq, bu, maliyyə xidmətlərində yenilik deməkdir. Ənənəvi bank sistemləri ilə müqayisədə kriptovalyutalar ilə daha sürətli və aşağı komissiyalı əməliyyatlar mümkündür. Rəqəmsal transformasiya dövlət idarəetməsinə yeni yanaşma tələb edir.

Kriptovalyutalar, xüsusilə blockchain texnologiyası üzrə inkişaflar dövlət sektorunda innovativ həllər üçün yeni imkanlar yaradır.

Hesab edirəm ki, rəqəmsal valyutalar ilə ödənişləri inteqrasiya edən növbəti ölkələr rəqəmsallaşmanı özləri üçün prioritet elan etmiş Sinqapur, İsveçrə, Malaziya, BƏƏ, Estoniya, Braziliya ola bilər”.

E.Quliyevin araşdırmasına əsasən, kriptovalyuta yüksək gəlir potensialına malikdir, belə ki, doğru zamanda yatırım edənlər üçün yüzlərlə faiz gəlir imkanı yaranır:

“Kriptovalyutanın heç bir mərkəzi qurumun nəzarətində olmaması azadlıq, anonimlik və şəffaflığı təmin edir. Texnologiya əsaslı-blokçeyn, smart kontraktlar, DeFi kimi innovativ texnologiyalarla bağlılığı da kriptovalyutanın üstünlüyüdür. Qlobal istifadə imkanı baxımından da kriptovalyutalar beynəlxalq sərhədləri aşaraq daha sürətli və ucuz ödənişlərə imkan verir.

Kriptovalyutalar yüksək likvidliyə malikdir - 24/7 işləyən bazarlar və bir çox platformada sürətli alqı-satqı imkanı yaradır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
0
musavat.com

1Источники